4 C
Baku
15 Yanvar 2026, 1:34
DünyaTexnologiya

İtiriləcək heç nə qalmayanda: uzaq qalaktikada sirli partlayış

Alimlər 2024-cü il noyabrın 22-də Yer kürəsindən təxminən 540 milyon işıq ili uzaqlıqda yerləşən qalaktikada nadir supernova partlayışını qeydə alıblar. Elmi mənbələrdə SN 2024abvb kimi qeyd olunan bu hadisə öz qeyri-adi xüsusiyyətləri ilə diqqət çəkir.

Adətən supernova partlayışı kütləvi bir ulduzun termonüvə yanacağı tükəndikdən sonra xarici qatlarını güclü şəkildə kosmosa atması ilə baş verir və ulduzun təkamülünün əsas mərhələsinin sonunu ifadə edir. Lakin bu dəfə müşahidə edilən partlayış fərqli olub: son dərəcə parlaq olmasına baxmayaraq, kosmosa səpələnən maddənin kütləsi cəmi Günəşin 0,12 kütləsi qədərdir. Müqayisə üçün, adi supernovalar zamanı bu göstərici 5–15 Günəş kütləsi arasında dəyişir.

Spektral analizlər partlayış zamanı səpələnən maddənin tərkibində hidrogen və heliumun olmadığını göstərib. Halbuki bu elementlər adətən ulduzların xarici qatlarında üstünlük təşkil edir. Bunun əvəzinə karbon, oksigen, silikon, kükürd, kalsium və dəmir kimi elementlər aşkarlanıb. Bu maddələr ulduz nüvəsində və ona yaxın qatlarda gedən daha sonrakı termonüvə reaksiyalarının məhsulları sayılır.

Müşahidələr göstərir ki, ulduz partlayışdan xeyli əvvəl maddəsinin böyük hissəsini itirərək demək olar ki, “çılpaq” vəziyyətə düşüb. Əsas ehtimala görə, bu obyekt Volf–Raye tipli ulduz olub. Bu mərhələ Günəşdən 20–100 dəfə ağır olan ulduzların həyatının son dövrü hesab edilir. Belə ulduzlar qocaldıqca nəhəng ölçülərə çatır və güclü ulduz küləkləri, həmçinin pulsasiyalar nəticəsində maddələrini intensiv şəkildə itirirlər.

Alternativ ehtimal da istisna edilmir: mümkündür ki, partlayan ulduz maddəsini özü deyil, sıx ikili sistemdə yerləşən yoldaş ulduzunun cazibə qüvvəsi nəticəsində itirib. Astronomiyada belə hallar tez-tez rast gəlinir – bir ulduz digərinin maddəsini özünə çəkərək onu tədricən “soyur”.

Alimlər bu nadir hadisənin ulduzların təkamülü və supernova mexanizmlərinin daha dərindən anlaşılmasına töhfə verəcəyini bildirirlər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Alimlər insanın bədənini “özünə məxsus” hiss etməsinin sirrini tapdı

Aynur Camal

❄️ Bilirdinizmi? Dünyada ilk “buz arxivi” yaradıldı

Aynur Camal

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Şah rejimi ilə molla rejimi eyni sistemin fərqli formalarıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu