19 C
Baku
8 Sentyabr 2024, 3:26
Baş xəbərDünya

“James Webb” teleskopunun iki yaşı qeyd olundu

NASA-nın iki il əvvəl – 2021-ci il dekabrın 25-də dərin kosmosu tədqiq etmək üçün kosmik fəzaya göndərdiyi “James Webb” teleskopu kainata yeni bir pəncərə açıb. O, eyni zamanda, “Spitzer” və İnfraqırmızı Astronomik Peyk də daxil olmaqla, tarixləri 40 il əvvələ gedib çıxan kosmik müşahidə missiyaları üzərində qurulub.

Bugun.tv NASA-nın rəsmi saytına istinadla xəbər verir ki, dekabrın 25-də NASA tarixin ən böyük və ən güclü kosmik rəsədxanası olan “James Webb” kosmik teleskopunun ikiillik buraxılışı ildönümünü qeyd edib. Onun təsvirlərinin aydınlığı bütün dünyada heyrətlə qarşılanıb və elm adamlarının qarşısında yeni tədqiqat imkanları açıb.

“James Webb”in uğuru, həmçinin infraqırmızı işığı da aşkar edən (adi gözlə görünməyən) 40 illik kosmik teleskoplara əsaslanır. Bu irs NASA-nın Yerə ən yaxın ulduz əmələ gətirən bölgələrdən biri olan “Rho Ophiuchi”nin görüntülərində öz əksini tapıb. IRAS əksər infraqırmızı dalğa uzunluqlarını bloklayan atmosferin üstündə, Yer orbitinə buraxılmış ilk infraqırmızı teleskop olub. “Rho Ophiuchi”nin qalın qaz və toz buludları görünən işığa maneə törədir, lakin IRAS-ın infraqırmızı görmə qabiliyyəti onu içəridə yerləşmiş yeni doğulmuş ulduzları aşkar etmək üçün bu təbəqələri deşə bilən ilk rəsədxanaya çevirib.

İyirmi il əvvəl “Spitzer” kosmik teleskopunun çoxsaylı infraqırmızı detektorları astronomlara bölgədəki ulduzlara daha spesifik yaşlar təyin etməyə kömək edib və bütün kainatdakı gənc ulduzların necə təkamül etməsi barədə təsəvvür yaradıb. “James Webb”in daha ətraflı infraqırmızı görünüşü gənc ulduzlardan çıxan material diskləri – gələcək planet sistemlərinin yaranmasını göstərir.

Başqa bir örnək asteroid qurşağımıza bənzər disk ilə əhatə olunmuş Fomalhaut ulduzudur. Qırx il əvvəl bu disk IRAS-ın əsas kəşflərindən biri idi, çünki o, həm də Günəş sistemindən kənarda hələ heç bir planetin tapılmadığı bir vaxtda yeni ideyalar təklif edirdi. “Spitzer”in sonrakı müşahidələri diskin iki hissədən – soyuq xarici bölgə və isti daxili bölgədən ibarət olduğunu göstərdi və planetlərin varlığına dair daha çox sübut aşkar etdi.

Həmin vaxtdan bəri NASA-nın “Hubble” kosmik teleskopu da daxil olmaqla, bir çox digər teleskoplar Fomalhaut ulduzunu tədqiq ediblər və bu ilin əvvəlində “James Webb”dən alınan görüntülər elm adamlarına diskin quruluşu haqqında ən aydın görüntü verib. Daxili diskdə əvvəllər görünməmiş iki qaya və qaz halqası da aşkar edilib.

NASA indiyədək ən mükəmməl kosmik teleskop olan “James Webb”in 2024-cü ildə daha böyük kəşflərə imza atacağını bildirib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Pikapın aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralandı

Teymur Əziz

Ağac evin üstünə aşdı: 2 yaşlı uşaq öldü

Aynur Camal

Qeyri-qanuni işçi işlədən müəssisələrə pul cəzası

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu