Bugün.tv Müdafiə Nazirliyinə istinadən bildirir ki, Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin Bakıda keçirilən növbəti iclası çərçivəsində Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qazaxıstan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Marat Xusainov ilə görüşüb.
Tərəflər Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd ediblər.
Əlavə olaraq, Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, səmimi qəbula görə öz minnətdarlığını bildirib. General-leytenant M.Xusainov Qazaxıstanın da Azərbaycan ilə hərbi əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdıraraq bunun hər iki ölkənin maraqlarına cavab verdiyini vurğulayıb.