Bugun.Tv -yə daxil olan məlumata görə, MICHELIN Bələdçisi Türkiyədə fəaliyyətini 2022-ci ildə İstanbul seçiminin elan olunması ilə başlayıb. Daha sonra bələdçi İzmir və Muğla bölgələrini də əhatə edib. 2025-ci ildə isə Kappadokiyanın siyahıya əlavə olunması Türkiyənin zəngin və çoxşaxəli kulinariya irsinin beynəlxalq arenada tanıdılması baxımından mühüm addım kimi qiymətləndirilib.
Pəri bacaları, qədim qaya evləri və simvolik isti hava şarları ilə məşhur olan Kappadokiya MICHELIN Bələdçisində ümumilikdə 18 seçilmiş restoranla təmsil olunub.

Yeni MICHELIN ulduzu qazanan restoranların yerli məhsullara əsaslanan menyular təqdim etməsi, Anadolu mətbəxinin qədim reseptlərini müasir yanaşma ilə yenidən formalaşdırması və davamlılığa önəm verməsi regionun qısa müddətdə Türkiyənin ən cəlbedici qastronomiya istiqamətlərindən birinə çevrilməsinə səbəb olub.
Məlumata görə, Kappadokiyada MICHELIN seçimi yalnız ulduz mükafatları ilə məhdudlaşmayıb. Bölgədə qadın kooperativləri, ailəvi idarə olunan məkanlar, eləcə də nəsillər boyu ənənələrini qoruyub saxlayan restoranlar Bib Gourmand və tövsiyə olunan obyektlər siyahısında da yer alıb.

Kappadokiya mətbəxi vulkanik torpaqlarda yetişən məhsullar, açıq od üzərində bişirmə ənənələri və üzüm bağlarından əldə olunan yerli şərablarla fərqlənir. Bölgənin ən məşhur dadlarından biri sayılan testi kababı Avanosda hazırlanan gil qabda bişirilir və təqdimat zamanı qab qırılaraq qonaqlara xüsusi mərasim atmosferi yaradır.

Qonaqlar kayısı yahnisi, heyva dolması, ağpakla kimi yerli yeməkləri, eləcə də balqabaq deserti, dolaz və Ürgüp üslubunda Damat paxlavası kimi şirniyyatları dadmaq imkanı qazanıblar. Bundan başqa, Divle Obruk pendiri və yerli üzüm sortlarından hazırlanan şərablar bölgənin qastronomiya potensialını daha da ön plana çıxarıb.

