Film izləyərkən bir binadan digərinə tullanan, motosikleti yüksək sürətlə sürən, yanan, avtomobillə təhlükəli manevrlər edən aktyorlar hər birimizi həyəcanlandırır. Və o sual daim beynimizi məşğul edir. Görəsən, bu sənhələr necə çəkilir? Əslində bu çətin və riskli səhnələri aktyorlar yox, kaskadyorlar oynayır. İzlədiyimiz filmlərin görünən tərəfləri ilə yanaşı, bilmədiyimiz məqamları da var.
Bizi heyrətə gətirən, həyəcanlı səhnələrin ərsəyə gəlməsi heç də asan deyil. Düzdür, müasir texnologiya və xüsusi effektlər rejissorların işini asanlaşdırsa da, kaskadyorların böyük əməyi var. Riskli və çətin səhnələri məhz onlar canlandırır. Kənardan asan görünsə də, bu iş bacarıq və məsuliyyət tələb edir. Ona görə də öncədən hər şeyi yüz ölçüb, bir biçmək lazımdır. Çünki kiçik bir səhvin nəticəsi ağır ola bilər. Bu səbəbdən həmin səhnələr az dubla çəkilir.
Bugun tv-yə bu peşə haqda 30 ildən çoxdur ki, kaskadyorluq edən əməkdar incəsənt xadimi Əli Məmmədov danışıb. Qeyd edək ki, o, bu günə kimi 100-dən çox filmdə dublyorluq edib. “Ən çətin tryuklar yanmaq səhnələridir. Bundan başqa atla atı aşırmaq, sonra hündürlükdən atlanmaq, avtomobildən atılmaq səhnələrinin də öz çətinkliyi və təhlükəliliyi var. Bu tryuklar adətən 1 ya 2 dubla çəkilir. Mən deyərdim ki, bu bir elmdir. Riyaziyyat, fizika kimi burada da ölçmələr, hesablamalar var. Hər bir tryuku edərkən sürəti, ağırlığı, hündürlüyü, külyin əsmə sürətini belə hesablayıram. Bu, əlbəttə ki, böyük risk tələb edən sənətdir”.
Əli Məmmədov kaskadyorluğun sirli tərəflərindən, pərdəarxası məqamlarından da söz açdı. Sən demə qorxu, həyəcan dolu bir neçə dəqiqəlik səhnələrin çəkilişi uzun hazırlıq prosesi tələb edir. “Qabaqcadan maket qururuq, hazırlaşırıq. Kameralar harada olacaq, maşınlar hansı vaxtda və formada bir-birini ötməlidirlər. Avtomobilin aşma səhnəsində də onun içərisi mütləq xüsusi qurğular, yəni dəmir borular, qoruyucularla təchiz olunur. Və təbii ki, kaskadyor burada qoruyucu geyimlərdə olmalı, tryuklara psixoloji cəhətdən hazırlaşmalıdır”.
Əli Məmmədovun sözlərinə görə, müasir dövrdə bu işə maraq göstərənlərin sayı heç də az deyil. Hətta bəzi aktyorlar kaskadyorluğun incəliklərini öyrənib, riksli səhnələrin öhdəsindən özləri gəlirlər. Peşəkar kaskadyor olmaq üçün çox çalışmaq və təhlükəni sevmək lazımdır.