Onlayn alış-veriş zamanı və ya internet üzərindən müxtəlif məhsulların satışını edərkən, kiberdələduzların toruna düşməmək üçün diqqətli olmalıyıq.
Ölkəmizdə kifayət qədər elektron satış saytları fəaliyyət göstərir. Çoxumuz istifadə etmədiyimiz əşyaları, geyimləri orada paylaşırıq. Bu saytlardan kifayət qədər insan yararlanır. Satış üçün etdiyimiz paylaşımlarda telefon nömrələrimizi, ad-soyadımızı və digər şəxsi məlumatlarımızı da qeyd etməytimiz tələb olunur. Təəssüf ki, bu da bizi kiberdələduzların toruna salır.
Kibertəhlükəsizlik üzrə mütəxəssisi İbrahim Əbdüləzizlinin sözlərinə görə, kiberdələduzlar həmin məlumatları istifadə edərək, zənglər və yaxud da ki, müəyyən vatsap mesajları göndərə bilər ki, bu da çox vaxt standart tipdə olur. “Mən xarici ölkədəyəm və yaxud da hazırda şəhər daxilində deyiləm. Siz mənə kartı göndərin, mən sizə ödəniş edim”. Bu ssenarilərə baxdıqda, həmin yazışmanı analiz etdikdə biz başa düşə bilərik ki, danışıq tərzindən bu şəxs azərbaycanlı deyil. Nömrəyə daha çox fikir versək, zəng elədiyimiz zaman bəzən müxtəlif metodlar var ki, şəxs özü o nömrəni istifadə etmir. Amma müəyyən portallardan müəyyən vasitələrlə elektron nömrələr əldə edir. O formatda bizimlə Azərbaycana aid +994 kodu ilə danışığa keçir. Bunları mütləq yoxlamaq lazımdır”.
Mütəxəssis deyir ki, onlayn sifarişlər zamanı kart məlumatlarımızı verərkən, xüsusilə diqqətli olmalıyıq.
“Hər hansı bir ödəniş kartımıza gəlirsə onlayn satış platformalarında etdiyimiz elandan biz bunu mütləq yoxlamalıyıq. Əgər o bizdən kartın bütün məlumatlarını alırsa, bu artıq dələduzluq əməlindən xəbər verir. Kartın əsas 16 rəqəmli şifrəsi, bitmə tarixi və “ssv” dediyimiz təhlükəsizlik kodu var. Biz təsadüfi hallarda bitmə tarixini bölüşməliyik. O da ödəniş qəbul etmək üçün bəzi ödəmə aparatalarında tələb olunur. Amma “ssv” dediyimiz təhlükəsizlik kodu ilə ödəniş etmiriksə, onu paylaşmamalıyıq”.
Odur ki, şəxsi məlumatlarımızı paylaşan zaman ehtiyatlı olaq ki, dələduzların tələsinə düşməyək.