Bugun.tv əməkdaşları tanınmış kinorejissor Faiq Nağıyevlə həmsöhbət olublar.
– Faiq bəy, öncə kinorejissorluq sənətinə gəlişinizdən danışardınız
– Çəkilişlərə həmişə böyük marağım olub. İlk kameram isə 30 il öncə -1993-cü ildə alınıb. Onda hələ orta məktəbdə oxuyurdum. Həmin kamera ilə çəkiliş etməyi öyrənirdim. O zamanlar “Regional” televiziya kanalı vardı – Tovuz TV. Rəhbəri ustadım, dostum Rəhman Əliyev idi. Kameranın sirrlərini ondan öyrənirdi. Sonra həmin kanal inkişaf etdi. Mən də o zamanlar universitetində oxuyurdum. Həmçin, yay tətillərində televiziya kanalında işləyirdim. Elə orada montajı öyrəndim. Beləliklə, mən bu peşəni sevməyə başladım və peşakarlaşdım.
-İlk ekran işiniz nə olub?
– Sərbəst işim 2003-cü ildə Elsevər Göyçaylının “Dəstəyi qoyma yerə” klipi olub. Sonra Rüstəm Behrudi, Firuddin Cəlilov haqqında sənədli filmlər çəkdim. Daha sonra dövlət qulluğunda çalışdım. 2012-ci ildən isə Rusiyaya köçdüm. Rəhmətlik kinorejissor Rüstəm İbrahimbəyovla tanış oldum. Onun sayəsində Nikita Mixalkov, Denis Popovla çalışdım. Azərbaycanda ilk bədii filmə kinorejissor kimi, “Şollerin Arxivi” filminə dəvət almışam.
-Sizin çəkdiyiniz seriallar da olub. Bu haqda da danışardız.
– 2019-cu ildə serial çəkilişlərinə başladım. İlk serial işim “Aldanmış hisslər” olub. Real həyatda baş vermiş hadisələr əsasında çəkilib. Özüm də orada aktyor kimi rol almışam. Çünki real həyatdan yazdığım hadisələrdir. Serial bizim sevimli ATV kanalında yayımlandı. Bu ekran əsəri pandemiya dövrünə təsadüf etmişdir. Buna baxmayaraq, sona qədər efirə yayımlandı. Demək olar ki, o zamanlar əksər seriallar dayandırılmışdı. “Aldanmış hisslər” serialından sonra 2021-ci ildə isə “Sükutun fəryadı” serialını çəkdim.
– Bəs komediya filmi çəkmək istəmisinizmi?
– Mənim bir komediya filmim var. Adı “Toy tələsidir”. Ötən il çəkdik. Film komediya janrındadır. Bu ekran işi də real həyatda baş vermiş hadisələrdən götürülüb. Ssenari müəllifi Yeganə Kərimzadə idi. Bu il, yanvarın 5-də qala gecəsi oldu.
– Sizə daha yaxın olan serialdı, yoxsa bədii film?
– Hər bir rejissorun istehsal etdiyi iş doğma balası kimidir. Amma mənə daha yaxın bədii filmdir. Bu tamam başqadır.
– Bədii filmdə hansı janr sizə daha yaxındır.
– Əslində mən daha çox dram, tragediya janrlarını sevirəm. Amma “Toy tələsi”-ni kommersiya məqsədləri üçün çəkmişdim. Ona görə komediya janrına müraciət etmişdim.
– Hazırda səhv etmirəmsə, “Ülkər” filmini çəkirsiniz. Bu ekran əsəri haqda da məlumat verərdiz.
– Çəkilişlərinə start verdiyimiz “Ülkər” bədii filminin rezonans doğuran süjet xətti var. Janr olaraq dram-tragediyadır. Filmdə real canavarlar çəkilir. Onları bu çəkilişlər üçün yeni doğulan zaman götürüb saxlamışam. 4 canavar idi. 2-ni götürdüm. 2-ni təbiətə buraxdım. Bu filmin ssenari müəllifi də Yeganə Kərimzadədir. O, baş qəhrəman olan Ülkəri canavarlarla baş-başa qoyur. Hər kəsi heyrət və maraq bürüyür – canavarlar ona dəyəcəkmi? Bu isə hələlik sirr olaraq qalır. Film tamaşaçılara adrenalin dolu anlar yaşadacaq. Çünki dinamika üzərində qurulub. Burada söz yığını yoxdur. Baş verən hadisələr isə həyəcan doğurur. Peşəkar aktyor heyətimiz var. Filmdə Rövşən Kərimduxt, Nəsibə Eldarova, Mətləb Abdullayev, Azad Şükürov və s. rol alıb. Filmin bütün heyyəti əməkdar və xalq artistləridir. Artıq yekunlaşmaq üzrədir. Az qalıb. Tezliklə tamaşaçıların ixtiyarına verəcəyik. Hər kəsi bu filmi izləməyə dəvət edəcəyik.
– Çox sağ olun, Faiq bəy, dəvətimizi qəbul edib gəldiniz. Karyeranızda sizə uğurlar arzulayırıq!
Təşəkkürlər! Dəvətiniz üçün siz sağ olun!