Bugun.tv xəbər verir ki, İngiltərədə kinoteatrlar filmlərin gizli şəkildə qeydə alınaraq qanunsuz yayılmasından ehtiyatlanaraq Meta şirkətinin kameralı ağıllı eynəklərindən istifadəyə məhdudiyyət qoymağı müzakirə edir.
İngiltərə Kino Birliyi (UKCA) bildirib ki, bir sıra yerli kinoteatr şəbəkələri salonlarda kameralı ağıllı eynəklərin istifadəsini məhdudlaşdıran qaydalar tətbiq edə bilər. Hazırda birlik üzvləri arasında vahid rəsmi qadağa olmasa da, kinoteatr rəhbərləri təhlükəsizlik və məxfilik məsələləri ilə bu texnologiyanın üstünlükləri arasında tarazlıq yaratmağa çalışırlar.
Qiyməti təxminən 359 funt sterlinq olan Meta ağıllı eynəkləri səs və görüntü yazmaq, musiqi dinləmək və canlı tərcümə kimi funksiyalar təqdim edir. Eynəklər görmə və ya eşitmə məhdudiyyəti olan insanlar üçün də müxtəlif imkanlar yarada bilir.
Lakin kinoteatrlarda əsas narahatlıq filmlərin icazəsiz şəkildə lentə alınmasıdır. Meta şirkəti bildirir ki, çəkiliş zamanı eynəyin üzərindəki kiçik işıq siqnal verir və bu işığın söndürülməsinin qarşısını almaq üçün müdaxilənin aşkarlanması texnologiyaları yenilənib.
Bununla belə, insanların xəbəri olmadan görüntülərinin çəkilməsi ilə bağlı şikayətlərin artması digər məkanları da tədbir görməyə vadar edib. Bristol Hippodrome və London Playhouse kimi məkanların sahibi olan ATG Theatres tamaşa zamanı ağıllı eynək taxan şəxslərdən cihazı çıxarmalarının tələb olunacağını açıqlayıb.
Mənbə: TRT Haber
