Cavan qalmaq xanımların ən böyük arzusudur. Kişilər qocalığa real yanaşsa da, qadınların bir çoxu bunu qəbul etmək istəmir və müxtəlif vasitələrə əl atırlar. Bunlar arasında kollagenlərdən istifadə də var.
Dermotoloq-kosmetoloq Günay Mikayılovann sözlərinə görə, kollogen insan orqanizminin fəaliyyəti üçün vacib olan, böyük struktur ölçüyə malik zülaldır. Həmin zülal bizim mədə bağırsaq sistemimizdən sovrulmur. “Kollagen molekullarını içməyin heç bir faydası yoxdur. Bizim orqanizmimizə verdiyi fayda sadəcə amin turşularıdır. Hansı ki, biz istənilən qida ilə qəbul edə bilərik. Mənfi tərəfi isə odur ki, kollagen zülal olduğuna görə alergik reaksiyalar yarada bilir. Bunun da orqanizmə ciddi ziyanı var”.
Kollagen əzələlərin, sümüklərin, dərinin və oynaq bağlarının əsasını təşkil edir. Daha dəqiq desək, insan orqanizmindəki bütün zülalların 30-35 %-i kollagendir. Dəri və oynaqların elastikliyində mühüm rol oynayır, saçların sağlamlığına və uzanma sürətinə təsir edir.
Lakin bəzi xanımlar kollagenin mənfi tərəflərini bilmədən, onu həb və ya krem şəklində qəbul edir və bunun xeyrini gördüklərini deyirlər. Lakin bu fayda onlara kollagendən gəlmir. “Düzdü bəzi pasientlər deyir ki, bunu içib, faydasını görürük. Onun da izahı var. Faydası odur ki, həmin həblərin üstündə böyük hərflərlə kollagen yazılıb, kiçik hərflərlə isə digər mikroelementlər. Müsbət təsir məhz xırda hərflərlə yazılan tərkib hissələrdən gəlir. Bu sink, selen, maqni və b qrupu vitaminlərdir. Bunların müsbət təsiri var. Ancaq kollagenin dəriyə heç bir faydası yoxdur”.
Dermatoloq Günay Mikaylova deyir ki, bəzi hallarda kollagenlər ağızda xoşagəlməz qoxu, mədə yanması və ağırlıq hissi yarada bilər. Bundan başqa bu zülal böyrək çatışmazlığı və qaraciyər xəstəliyindən əziyyət çəkən insanlar tərəfindən ehtiyatla qəbul edilməlidir. Hamilə və laktasiya dövründə kollagen əlavələrindən yalnız həkim nəzarəti altında istifadə olunmalıdır.