Kreml bəyan edib ki, Ukrayna ilə gözlənilən danışıqlardan ciddi irəliləyiş gözləmir. Ukrayna tərəfi qeyd edib ki, danışıqlarda liderlər sammitinə hazırlıq müzakirə olunacaq.
Kremlin sözçüsü Dmitri Peskov Moskvada keçirdiyi mətbuat konfransında Ukrayna və Rusiya arasında İstanbulda keçirilməsi gözlənilən danışıqların üçüncü raundu ilə bağlı çıxış edib.
Peskov, “Danışıqların üçüncü raundunda möcüzəvi irəliləyiş gözləmək üçün heç bir səbəbimiz yoxdur” deyib.
Ukrayna prezidenti Vladimir Zelenski sosial şəbəkədəki paylaşımında sülh danışıqlarında iştirak edəcək Ukrayna nümayəndə heyətinin adlarını paylaşıb. Zelenski bildirib ki, nümayəndə heyətinə keçmiş müdafiə naziri və hazırkı Təhlükəsizlik Şurasının katibi Rustem Umerov rəhbərlik edəcək.
Zelenski “Nümayəndə heyətinə Rustem Umerov başçılıq edəcək və tərkibində Ukrayna kəşfiyyatı, Ukrayna Xarici İşlər Nazirliyi və Prezident Aparatının rəsmiləri olacaq” deyib.
Ukrayna lideri danışıqlarda müzakirə olunacaq mövzuları “xalqımızın əsirlikdən azad edilməsi, oğurlanmış uşaqların geri qaytarılması, qırğınların dayandırılması, liderlər sammitinə hazırlıq” kimi sadalayıb.
Rusiya tərəfi hələ ki, danışıqlar qrupunun tərkibini rəsmən açıqlamayıb. Məlumdur ki, bundan əvvəlki danışıqlarda Moskvanın nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukrayna rəsmiləri tərəfindən qərar qəbul etmək səlahiyyətinə malik olmayan şəxs kimi qələmə verilirdi.
İki ölkənin nümayəndələri mayın 16-da və iyunun 2-də İstanbulda görüşdülər. Lakin bu danışıqlardan atəşkəslə bağlı konkret nəticə əldə olunmadı; tərəflər yalnız əsirlərin dəyişdirilməsi və əsgər qalıqlarının qaytarılması barədə razılığa gəliblər.
Mənbə: HurriYet