İtaliyanın Siciliya adasındakı aktiv Etna vulkanının kül püskürməsi hava nəqliyyatında ləngimələrə səbəb olub. Kataniya Beynəlxalq Vincenzo Bellini Hava Limanını idarə edən SAC şirkətinin səhər saatlarında yaydığı açıqlamada Etnada davam edən çiləmə fəaliyyəti və eyni vaxtda atmosferə vulkanik kül atması səbəbindən vulkanın cənub-qərbindəki hava sahəsinin yerli vaxtla saat 15:00-a qədər uçuşlara bağlandığı bildirilib.
Açıqlamada qeyd olunub ki, hazırda Kataniya hava limanından uçan reyslərə heç bir məhdudiyyət yoxdur, lakin sərnişinlərdən uçuşların vəziyyətini yoxlamadan hava limanına gəlməmələri xahiş olunur.
İtaliyanın Rainews24 kanalının xəbərində Etna dağında bir həftədən artıqdır davam edən sıx vulkanik fəaliyyətlər səbəbiylə xüsusilə dünən hava nəqliyyatının mənfi təsirləndiyi bildirilib.
Son 24 saatda Kataniya Hava Limanına 32 reysin başqa hava limanlarına yönləndirildiyi, Lufthansa və Easyjet kimi hava yollarının da Kataniyaya uçuşlarının bir qismini ləğv etdiyi bildirilib.
Bu arada Etnanın sıx külləri səbəbindən vulkanın ətrafındakı yaşayış məntəqələrində vulkanik kül yağışlarının yaşandığı qeyd edilib.
Son 8 gün ərzində Etna vulkanında müxtəlif nöqtələrdə lava axını, “Yeni Ağız” və “Cənub-Şərq” kraterlərində kül və lava püskürməsi kimi müxtəlif vulkanik fəaliyyətlər müşahidə edilir.
Kontinental Avropanın ən yüksək aktiv vulkanı olan Siciliya adasındakı Etna dağı sonuncu dəfə 2024-cü ilin yay aylarında şiddətli kül və lava püskürməsi kimi vulkanik fəaliyyətlərə şahid olub.
Mənbə: TrtHaber