Xalq artisti bağa gələndə evin qapısını acıq gördü. Evə girəndə gördü ki, oğru evdə nə qiymətli şeylər var hamsını silib- süpürüb aradan çıxmağa hazırlaşır.
– Kömək lazımdır?
Xalq artistini görən oğru özünü itirdi.
– Yox, zəhmət çəkməyin. Mən bu vaxta kimi heç vaxt ev yiyəsinə əziyyət verməmişəm. Sizə də rəva görmərəm. Siz indi teatrda “Lənkaran xanın vəziri” tamaşasında vəziri oynamalıydınız.
– Teatrın repertuarını məndən yaxşı bilirsən.
– İşimiz belədir.
– Tamaşa təxirə salınıb.
– İkinci dəfədir başıma belə hadisə gəlir. Ötən həftə məşhur cərrahın bağını silib- süpulürmüşdüm, gəlib çıxdı. Əməliyyat təxirə salınmışdı. Məni əlim-ayağım sağ-salamat buraxdı. Siz də elə edin. Son vaxtlar mənimiki gətirmir.
– Mən bu saat polisə zəng vurum. Sən yorulmusan, gedib üç-dörd il yatıb dincələrsən.
– Təzə çıxmışam. Orada olanda deyirdim ki, çıxıb bir də oğurluq etməyəcəyəm. Çıxandan sonra iş tapa bilmədim, yenə başladım köhnə peşəmə. Siz necə öz peşənizin vurğunusunuzsa, mən də elə. Buraxın gedim.
– Gedib yenə gələsən?
– Mən bir çaya ikinci dəfə girmirəm.
– Mənim üçün maraqlıdır, niyə xalq artistinin bağına oğurluğa gəlirsiz?
– Deyirsən əməkdar yaxşıdır?
– Yox, xalq artisti, əməkdar artist eyni adamdır. Niyə varlıların bağına oğurluğa getmirsən?
– Onların bağlarını mühafizəçilər qoruyur. Quş quşçuluğu ilə bağlarının üstündən uça bilmir. Biz də siz sadə insanlarla işləyirik. Sizin də tamaşaya varlılar gəlmir.
– Başından arvad corabını çıxart, sənin mübarək sifətini görum.
– Yox, mən ölərəm, corabı başımdan çıxartmaram. Burax gedim, and verirəm oynadığın səhnəyə bir də sənin bağına oğurluğa gəlmərəm.
– Sən elə müqəddəs yerin adını çəkdin buraxmaya bilmərəm.
Bir həftədən sonra xalq artisti bağa gələndə evi süpürüb aparmışdılar. Döşəməyə isə “Lənkəran Xanın Vəziri” tamaşasının proqramını qoymuşdular.
Əhməd Orucoğlu