26 Avqust Laçın Şəhəri Günü
Bugun.tv xəbər verir ki, Yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Yurda dönən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları – işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında təmir edilən və ya yenidən tikilən evlərdə məskunlaşırlar. Müasir üslubda bərpa olunmuş bu evlərdə və həyətlərdə hər şey onların rahatlığına xidmət edir. Hazırda Laçın şəhərində 234 ailənin (904 nəfər), ümumilikdə isə rayonda 254 ailənin (992 nəfər) daimi məskunlaşması təmin edilib. Məskunlaşanlar arasında həmkarımız Arzu Zeynallının doğmaları da var.
– Arzu xanım, 31 ildən sonra ilk dəfə Laçına ayaq basdınız. Uzun illərdən sonra özünü doğma yurdda görmək necə hissdir?
– 29 iyul 2023-cü il yaddaşıma ən fərəhli bir gün kimi yazıldı. 31 ildən sonra Laçına ilk ayaq basanda elə bildim ki, yenidən doğulmuşam. Qardaşım Ələsgər rəhmətlik atamızın adını daşıyan oğlu Muxtarı da kişinin ruhunu şad etmək üçün özü ilə gətirmişdi. Ən kiçiyimiz Ələkbər Laçından çıxanda 9 yaşında idi. Beləcə, 2 qardaş, 2 bacı Laçına üz tutduq. Bacım Pərvanə elə yola çıxandan kövrəlmişdi. Axı Laçına gedirdik…
Hava qaralanda çatdıq Laçına… Bacım Elyanə həyat yoldaşı Etibarla artıq 3 gün idi ki, Laçında idi. Həkəri çayının yanında qarşıladılar bizi…
Düşündüyüm, xəyal etdiyim kimi olmadı… Nədənsə quruyub qalmışdım. Nə torpağa diz üstə çökə, nə hönkürtüylə ağlaya bildim. Laçınla üzbəüz dayanmışdıq, lal-dinməz baxırdıq. Gözümün yaşı yanağıma, acısı içimə süzülürdü…
Mənmi böyümüşdüm, Laçınmı balacalaşmışdı, sanki bir ovcuma sığışdırıb ürəyimə basdım… Həkəri çayının şırıltısı elə bil ki “nə yaxşı gəldin” nəğməsi oxuyurdu. Ətrafımda boğuq hönkürtülər, “şükür bu günə” sözləri bir-birinə qarışmışdı… Laçın isə susurdu… Sanki, onu da qəhər boğmuşdu…
Gecədir… Bacımın baldızı Almazın təzəcə köçdüyü evinin ilk qonaqlarıyıq. 29 yaşında çıxıb, 60 yaşında evinə qayıdan bu qadının gözlərindəki sevinci görməyin özü də bir xoşbəxtlik idi…
Qardaş-bacı təəssüratlarımızı bölüşürdük. Onlara baxdıqca, yaşlandığımızı, sanki, indi hiss etdim…
Elə hey ulduzlara baxıram. Laçında göy üzü heç bir yerdəkinə bənzəmir. Bu gecə isə ulduzlar daha parlaq, səma daha aydın idi. Bu 31 ildə hansı şəhər, kənd, rayonda oldumsa, göy üzünə baxanda deyirdim: “Laçında belə deyil, qapqara göy üzü, çoxlu ulduzları vardı”. Bax həmin göy üzünü yenidən görməyin sevincini yaşayırdım…
Dağların ətəyində işıq saçan evlərə baxanda başa düşürsən ki, yox, bu yuxu deyil, Laçındayıq gerçəkdən… 31 il sonra Laçına qayıtmaq… Və 31 il sonra yuxudan oyanıb özünü Laçında görmək… Dəli olmaq olar…
Səhərdir. Sübh tezdən sakitçilikdir… Laçının tikinti yerlərində iş başlamayıb. Bir azdan sükut pozulacaq. Səhər yeməyi yemədən şəhərə çıxdıq. Təsəvvür edin uşaqlığınızın izlərini axtarmaq üçün dağılmış, viran qoyulmuş yerlərdə addımlayırsan. Və baxırsan ki, tək deyilsən, bu amacla səhər açılar-açılmaz hamı xarabalıqların içində gəzişir. Bir anlıq özümüzü ruha bənzətdim. Xarabalığı dolaşan ruhlar… Sanki, burada şəhid olanların və Vətən həsrəti ilə dünyadan köçənlərin ruhları da bizimlə idi… Hamı bir-birinə “Xoş gəldin, şükür bu günə, Allah şəhidlərimizə rəhmət eləsin” deyir. Diqqətlə baxıb “görəsən məktəb yoldaşım, qonşum, qohumum deyil ki” nəzəri ilə bir-birinə gülümsəyən insanların xəyalında 31 il əvvəlin mənzərələri canlanır…
– Yəqin, Laçında öz doğma evinizə də getdiniz…
– Birinci evimizə getdik. Yerli-dibli yoxa çıxan evimizə. Ermənilərin bir daşını belə salamat qoymadığı o ocağa. Ağlamaq ovudurmu? Əsla! Hərəmiz öz içimizdə danışırdıq evimizlə. Şəkil də çəkdik, evimizin bu gününü tarixə çevirdik. Hönkürə bilmirdim. Eynən ruh kimi… Balaca bir həyətimiz vardı, Ələsgər balaca olanda öz əliylə ərik ağacı əkmişdi orada. O ərik ağacı bir qocaman ağac olub. Balaca Muxtarımız atasının yadigarı olan ağacı qucaqladı, şəklini çəkdim. İndi hər o şəkilə baxanda göz yaşlarımı saxlaya bilmirəm… Sevinirəm, itirdiklərimizi tapdığımız üçün, bizim olan bizə qayıtdığı üçün sevinirm…
Sonra şəhərin başını da, ayağını da piyada gəzdik. Bu günümüzə şükr etdik. Şəhidlərimizə rəhmət oxuduq… Atamın qardaşıma hədiyyə etdiyi ev yerinə də getdik. Orada samovar qaynatdıq, evimizdəymişik kimi hiss etdik özümüzü. Dualarımızı dilə gətirib dedik: “Allah anamıza da Laçını görmək, burada ömür sürmək qismət eləsin”. İnanıram ki, o dağın başındakı yurd yerimizdə qardaşımın balaca Muxtarımıza “atam mənə hədiyyə etmişdi, mən də sənə əmanət edirəm” diləyi yerinə yetəcək…
– Ata yurdunuz Qovuşuq kəndi sizi necə qarşıladı, babalarınızın evlərini tapa bildinizmi?
– Sonra ata yurdumuz olan Qovuşuğa getdik. Kəndimizə çatıb maşından düşəndə, ilk uşaqlığımın xoş xatirəsi olan “Qızıl qaya”nı gördüm. Axır ki, orda hönkürtü ilə ağladım. Çaylağa enib qabları su ilə doldura-doldura doyunca ağladım. “Yalın başı” deyilən yerə çıxıb salamat evi də qalmayan kəndimizə baxdıq. Rəhmətlik əmilərimin evlərini ağac, böyük kol-kos basdığı üçün heç yaxınlığına da gedə bilmədik. Kəndin qəbirstanlığını da ziyarət etdik. Vandallar qəbir daşlarını güllələyib dağıtmışdılar. Erməni vəhşiliyi buradan da yan keçməmişdi…
Kənddən Laçına qayıtdıq. İndi içimizdə ümidlərimiz gül açır. Yavaş-yavaş yeni sakinlər evlərinə yerləşirlər. Artıq iki məktəbimiz yeni tədris ilindən fəaliyyətə başlayacaq. Xəstəxanamız, kinoklubumuz, polis şöbəsi, mağazalarımız… Daha nələr, nələr… Canlanır Laçınımız. Yol polislərimizə, hərbçilərimizə qürurla baxırıq. Onlara minnətdarlığımız böyükdür. Şəhərimiz etibarlı əllərdədir. Ordumuza güvəncimiz böyükdür. Belə də olmalıdır. Axı onların başında Ali Baş Komandanımızın qətiyyəti durur.
Böyük inam və ümidlə müvəqqəti məskunlaşdığımız evimizə dönürük. Evə çatan kimi anamı möhkəm-möhkəm qucaqladım: “Hazırlaş, Laçına gedirik” dedim. Onunla olan bir söhbəti xatırladım. Laçın işğaldan azad ediləndə bacım soruşdu ki, sevinirsənmi, qayıdırıq. Əvvəlcə gülümsədi, sonra gülüşü üzündə dondu, dedi: “Kim qalıb ki… “Laçın həsrətiylə dünyasını dəyişən əzizlərimizi nəzərdə tuturdu 75 yaşlı anamız… Hər şeyə rəğmən qayıdırıq…
Gün o gün olsun ki, siz də, ananız da, yurda dönəsiniz.
Laçına köç edən hər maşın karvanını, yerləşdirilən ailələrin, sakinlərimizin sayını izləyirəm. Say artdıqca o balaca Laçınımızın böyüdüyünü görürəm. Nə xoşbəxtəm ki, Laçını yenidən gördük. Nə xoşbəxtəm ki, laçınlıyam. “Laçın kimi qız”, “Laçın kimi oğlan”, “Laçın vaxtlarım idi” deyimlərinin özü Laçının vəsfidir. Bütün laçınlılar Laçına dönəcəklər.
Xatırladaq ki, avqustun 25-də Laçın şəhəri və iki kənd boşaldıldı. Avqustun 26-da Azərbaycan Ordusu Laçına girdi. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncama əsasən, hər il avqustun 26-sı Laçın Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur.
Mənbə: xalqqazeti.az