Siyasi ekspert Məhəmməd Əsədullazadə sosial media hesabında İran ətrafında baş verən son hadisələrlə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Ekspert bildirib ki, İranın yüksək səviyyəli rəsmilərindən biri olan Əli Laricani ABŞ-la konfidensial danışıqları Türkiyə vasitəsilə həyata keçirməyi planlaşdırırdı. Onun sözlərinə görə, bu faktor İsrailin Laricanini hədəfə almasının əsas səbəblərindən biri ola bilər.
Əsədullazadə qeyd edib ki, ABŞ tərəfi Laricani ilə dialoqda maraqlı olub və ona qarşı əvvəldən açıq təhlükə müşahidə edilməyib. Bu səbəbdən o, ictimaiyyət qarşısında sərbəst şəkildə görünə bilirdi. Ekspert hesab edir ki, İsrail Baş naziri Benyamin Netanyahu Tehran-Vaşinqton xəttində mümkün danışıqlara qarşı çıxır.
Onun fikrincə, ABŞ-ın İrana qarşı sərt siyasətə yönəlməsi də müəyyən mənada bu mövqenin təsiri ilə bağlıdır.
Ekspert əlavə edib ki, hazırda İranda əsas siyasi fiqurlardan biri prezident Məsud Pezeşkian hesab olunur. O bildirib ki, mövcud böhran şəraitində hakimiyyət daxilində səlahiyyət bölgüsü və qərarlar ölkənin gələcək siyasi istiqamətini müəyyən edə bilər.
