Milli Cəbhə Partiyasının sədr müavini və siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ və İran arasında artan gərginliklə bağlı fikirlərini bölüşüb. O, bu barədə öz sosial media hesabında paylaşım edib.
Bugun.tv xəbər verir ki, ekspertin sözlərinə görə, mövcud şəraitdə ABŞ-ın atəşkəsə getməsi İranın qalib gəlməsi kimi qiymətləndirilə bilər. Onun fikrincə, belə bir addım Tehran tərəfindən qələbə kimi təqdim olunacaq.
Əsədullazadə qeyd edib ki, ABŞ İran ətrafında yerləşdirdiyi aviadaşıyan gəmilərini 500–1000 kilometr məsafəyə qədər geri çəkib. Eyni zamanda Körfəz ərəb ölkələrində yerləşən ABŞ hərbi bazalarının İranın intensiv hücumlarına məruz qaldığını bildirib. Buna baxmayaraq, ABŞ və İsrail İran ərazisini yüz kilometrlərlə uzaq məsafədən zərbələrlə hədəf almağa davam edir.
Siyasi ekspert xatırladıb ki, vaxtilə Yəməndə husiləri devirmək məqsədilə Səudiyyə Ərəbistanının rəhbərliyi altında koalisiya qüvvələri quru əməliyyatı həyata keçirmişdi. Həmin dövrdə ABŞ və İsrail aviasiyası da havadan zərbələr endirirdi. Buna baxmayaraq, husiləri hakimiyyətdən uzaqlaşdırmaq mümkün olmadı və Səudiyyə Ərəbistanı yüzlərlə canlı qüvvə və xeyli hərbi texnika itirərək faktiki olaraq məğlubiyyətlə üzləşdi.
Onun sözlərinə görə, hazırda İran uzunmüddətli müdafiə strategiyasına keçib. Ölkə daxilində isə əhalinin bir hissəsi artıq meydanlara çıxaraq yeni ali dini rəhbərə dəstək nümayiş etdirir.
Əsədullazadə hesab edir ki, əgər ABŞ və İsrail hərbi əməliyyatları dayandırarsa, İran bunu şübhəsiz qələbə kimi təqdim edəcək. Bu isə İranın regionda əsas güc mərkəzlərindən birinə çevrilməsinə gətirib çıxara bilər.
Ekspertin fikrincə, belə bir ssenari ABŞ-ın beynəlxalq mövqelərinə ciddi zərbə vura və İsrailin təhlükəsizliyini sual altına qoya bilər. Bu səbəbdən ABŞ və İsrailin hərbi əməliyyatları dayandırması regionda yeni və təhlükəli vəziyyət yarada, ABŞ üçün isə hərbi-siyasi fiasko ilə nəticələnə bilər.
