13 C
Baku
14 Mart 2025, 11:33
Baş xəbərMədəniyyət

Mədəniyyət naziri musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul olunmuş bir qrup müəllimlə görüşdü

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 17-də 2023 və 2024-cü illərdə nazirliyin sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul olunmuş bir qrup müəllimlə görüşüb.

Mədəniyyət Nazirliyi tərəfindən təsis olunmuş Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzində (Yaradıcı Mərkəz) keçirilən görüşdə paytaxtla yanaşı, bölgələrdəki təhsil ocaqlarına işə qəbul olunmuş əsasən gənc müəllimlər iştirak ediblər.

Adil Kərimli görüş iştirakçılarını salamlayaraq qəbul imtahanlarının hər iki mərhələsində müvəffəqiyyət qazanaraq pedaqoji fəaliyyətə başlayan müəllimləri təbrik edib, uğurlar arzulayıb.

Prezident İlham Əliyevin və Birinci-vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət sahəsinin inkişafını, o cümlədən incəsənət təhsilini diqqətdə saxladıqlarını vurğulayan nazir deyib ki, yeni musiqiçi nəsillərin müasir dövrün çağırışlarına uyğun yetişdirilməsi qarşıda duran prioritet məsələlərdəndir. Bu prosesin uğurla reallaşması üçün müəllimlərin peşəkarlığı, yaradıcı yanaşmalarının müstəsna əhəmiyyəti var. Müəllimlər mövcud tədris proqramlarının şagirdlər tərəfindən tam mənimsənilməsi üçün səylərini əsirgəməməlidirlər.

Bildirilib ki, müəllimlər tədrislə bağlı müasir tendensiyalara açıq olmalı, fəaliyyətlərində innovativ vasitələrdən istifadə etməlidirlər. Bu gün xarici dil biliklərinə malik olmadan müasir bədii təhsil və təcrübə ilə bağlı beynəlxalq proqramlara qoşulmaq, istənilən nəticəni almaq mümkün deyil. Müasir mütərəqqi meyillərlə yanaşı, milli-mənəvi dəyərlərin də qorunması və təbliği diqqətdə saxlanılmalıdır.

Daha sonra görüş diskussiya şəklində davam edib. Müəllimlər tədris zamanı qarşıya çıxan məsələlər barədə danışıb, təkliflərini dilə gətiriblər. İfaçılıq-konsert və pedaqoji fəaliyyətin əlaqələndirilməsi, yeni tədris proqramları və dərsliklərin hazırlanması, yerli bəstəkarların vətənpərvərlik ruhlu əsərlərinin tədrisi, şagirdlərin ixtisas seçimi zamanı nəzərə alınmalı olan məqamlar və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.

Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə ötən il musiqi məktəbləri üçün 6 dərslik nəşr olunub və bu istiqamətdə işlər davam etdiriləcək.

Həmçinin nazir Adil Kərimli bir daha müəllimlərə işlərində uğurlar arzulayıb.

Sonda incəsənət təhsili ocaqlarının müəllimləri üçün Yaradıcı Mərkəzin təqdimatı olub.

Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov Yaradıcı Mərkəz haqqında ətraflı məlumat verib. Bildirilib ki, ötən ilin dekabr ayında açılışı keçirilən Yaradıcı Mərkəzin əsas məqsədi gənc istedadları dəstəkləmək, onların ixtisaslarını artırmaq və yaradıcılıq potensialının reallaşdırılmasına şərait yaratmaqdır. Eləcə də mədəni və yaradıcı sənayelər sahəsində layihələr həyata keçirmək, bu sahədə yeni sahibkarlıq subyektlərinin, startapların formalaşmasına və inkişafına dəstək verməkdir. Yerli yaradıcı məhsul və xidmətlərin yaradılması və ixracının artırılmasına kömək göstərmək, müvafiq istiqamətlər üzrə regionlardan istedadlı gəncləri cəlb etmək də əsas məqsədlərdəndir.

Qeyd olunub ki, hazırda Yaradıcı Mərkəz bir sıra uğurlu layihələr, o cümlədən musiqi, “Gametech”, “Cultech” olmaqla 3 inkubasiya proqramı həyata keçirir. Bu proqramlar çərçivəsində artıq 20 yeni startap yaradılıb və ümumilikdə 50-dən çox rezident mərkəzin xidmətlərindən istifadə edir.

Mərkəzdə animasiya, musiqi və kino sənayesi, dizayn, yaradıcılıq sahələrində “Ai4Art” layihəsi çərçivəsində süni intellektin istifadəsi üzrə ustad dərsləri və təlimlər keçirilir. Bu təhsil proqramlarında 200-dən çox gənc iştirak edir. Mərkəzin tərkibinə, həmçinin “Yaradıcı Market” bazar platforması, “Yaradıcı Edu.az” tədris mərkəzi də daxildir.

Diqqətə çatdırılıb ki, gənc müəllimlər Yaradıcı Mərkəzin imkanlarından istifadə edərək müvafiq sahə üzrə ideyalarını gerçəkləşdirə bilərlər.

Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Kompüteri uzunömürlü etməyin yolları – TÖVSİYYƏ

Teymur Əziz

İsrail yenidən Dəməşqi vurdu: Çoxlu ölü və yaralı var!

Aynur Camal

Ombudsman Aparatının əməkdaşları Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəyə baş çəkiblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu