İsrailin hücumu altında olan Qəzza zolağının sakinləri son günlər ərazidən “təxliyə”lərinin təşkili ilə bağlı mesajlar alsa da, HƏMAS sürgünə təşviq edən mesajların “yalan vədlərə bürünmüş tələlər” olduğunu bəyan edib.
Haaretz xəbər verir ki, Qəzza zolağının mərkəzindəki Nusayrat Qaçqınlar Düşərgəsindəki fələstinlilər aprelin 21-i bazar ertəsi SMS mesajı alıb və onları ərazidən “evakuasiya”nı müzakirə etmək üçün görüşə dəvət ediblər.
Mesajda Qəzzanı tərk etmək istəyənlərin “Kapitan Cəlal” kod adlı şəxslə WhatsApp vasitəsi ilə əlaqə saxlaması və görüşün 22 Aprel Çərşənbə axşamı günü saat 09:00-14:00 arasında Qəzza şəhərinin cənubundakı Netzarim dəhlizi yaxınlığında keçiriləcəyi bildirilib.
Qəzza sakininin telefonuna Fransa hökumətinin elm və sənət adamlarına dəstək proqramı çərçivəsində ailəsi ilə birlikdə bölgəni tərk edə və Fransaya “evakuasiya oluna biləcəkləri” mesajı gəlib.
HƏMAS bəyanatında Qəzza sakinlərinə göndərilən mesajların İsrailin “Fələstin xalqının mövqeyini sabitsizləşdirmək və milli əzmkarlığını sarsıtmaq məqsədilə” köç şayiələri yaymaq kampaniyasının bir hissəsi olduğunu bildirib.
Bəyanatda kampaniya aparan şəxslər saxta sənədlərdən istifadə etməkdə və yalan vədlər verməkdə günahlandırılaraq, ictimaiyyəti mesajlara məhəl qoymamağa və mesajlarda göstərilən telefon nömrələrinin İsrail kəşfiyyatına aid olduğuna dair şübhələrdən ehtiyatlı olmağa çağırılıb.
Bəyanatda İsrailin işğal etdiyi ərazilərdən deportasiyanın məqbul bir həll yolu olmadığı, əksinə “yalan vədlərə bürünmüş tələ” olduğu vurğulanaraq, “Fələstin satılık deyil və xalqımız didərgin düşməyəcək” ifadələri işlədilib.
İşğalçı İsrail qüvvələri tərəfindən edilən açıqlamada işğalçı qüvvələrin Qəzzada fələstinlilərə göndərilən mesajlardan xəbərsiz olduğu iddia edilib. Yerli kəşfiyyat agentliyi Şin-Bet (Şabak) Haaretz-in məsələ ilə bağlı suallarına cavab verməyib.
İsrailin yüksək rütbəli diplomatik mənbəsi aprelin əvvəlində Macarıstana rəsmi səfər edən Baş nazir Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampın planı çərçivəsində Qəzza sakinlərinin deportasiyası üçün bir çox ölkə ilə danışıqlar apardığını jurnalistlərlə bölüşdüyünü bildirib.
Mənbə qəzetə bildirib ki, İsrail fələstinlilərin Qəzzadan çıxarılmasını həyata keçirməkdə “çox ciddidir” və bir neçə ölkə qarşılıqlı razılaşma əsasında fələstinliləri qəbul etməyə hazırdır.
Donald Trampın fələstinliləri Qəzza zolağından çıxarmaq planı ilə bağlı İsrail və ABŞ-ın Şərqi Afrika ölkələri ilə əlaqə saxladığı iddia edilib.
AP İsrail və ABŞ rəsmilərinə istinadən xəbər verib ki, Təl-Əviv və Vaşinqton administrasiyası 1991-ci ildə Somalidən birtərəfli müstəqillik elan edən Sudan, Somali və Somaliland ilə fələstinlilərin Qəzzaya sürgün edilməsi planı ilə bağlı danışıqlar aparıb.
ABŞ prezidenti Donald Tramp fevralın 4-də Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında deyib ki, ABŞ Qəzza zolağının “ələ keçəcəyini” və ona “sahibi” olacaq.
Qəzzanın indi tamamilə məhv edilmiş bölgə olduğunu qeyd edən Tramp, oradakı fələstinlilərin qonşu ölkələrdə, xüsusilə Misir və İordaniyada tikiləcək yeni qəsəbələrə köçmələrinin çox daha yaxşı olacağını müdafiə edib.
Tramp həmçinin iddia edib ki, fələstinlilərin Qəzzanı tərk etməkdən başqa seçimi yoxdur.
Yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra İsrail işğalçı qüvvələri martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib.
Mənbə: Ahaber