“Bu gün Azərbaycan Cənubi Qafqazda aparıcı dövlət olmaqla yanaşı mühüm və vacib təşəbbüslərin də əsas faktoru kimi çıxış edir. II Qarabağ müharibəsindən sonra regionda yeni bir reallıq yaranıb. Bu reallıq bölgənin təhlükəsizlik arxitekturasını əhatə edir. Bununla yanaşı ölkəmiz sülhü, əməkdaşlığı, qarşılıqlı maraqlara xidmət edən əlaqələrin formalaşmasını təşviq edir” – bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, Azərbaycan regional və qlobal miqyasda vacib addımların təşəbbüskarı olmaqla yanaşı bir çox mühüm layihələrə də ev sahibliyi edir: “Bu günlərdə Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə görüşünün keçirilməsi də bunun bariz nümunəsidir. Ötən ilin noyabrında isə Azərbaycan mötəbər COP29 tədbirlərinə uğurla ev sahibliyi etməklə dünya tarixinə öz adını şərəflə yazdırmış olub. Qlobal təhdidlərin artdığı bir dövrdə Azərbaycanın sülh, əməkdaşlıq və dövlətlərin milli maraqlarına xidmət edən addımları təşviq etməsi təqdir edilir”.
Məlahət İbrahimqızı Xankəndidə ECO-nun tarixi Zirvə görüşü fonunda verilən mesajların bu gün geniş müzakirə predmetinə çevrilməsinə diqqəti çəkib: “Azərbaycan dost və tərəfdaş ölkələrlə birlikdə bir daha Qarabağdan dünyaya sülh mesajı verib. Qardaş Türkiyə Prezidentinin Xankəndi Zirvə görüşündə iştirakı, həmçinin Pakistanın Baş nazirinin, İran Prezidentinin, Özbəkistan, Qırğızıstan Prezidentlərinin və digər yüksək səviyyəli rəsmi şəxslərin Xankəndi Zirvə görüşündə iştirakı birlik-bərabərliyi ehtiva edən mühüm amil kimi önə çıxır”.