Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü növbəti tarixi hadisə kimi yadda qaldı. Ölkəmizin başçısının Forumda vurğuladığı kimi Azərbaycanın mədəni mərkəzinin bir hissəsi olan Xankəndi şəhərində belə bir mötəbər tədbirin keçirilməsi olduqca önəmlidir. Qeyd edilib bu Forum, əslində, dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa yönəlib. Sözsüz ki, bu il keçirilən Forum 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyini və 80 media qurumunun nümayəndələrini bir araya gətirib. Builki Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunub. Forumda aparılacaq müzakirələr məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönəlib.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, üçüncü dəfədir belə bir mühüm tədbirin Qarabağda keçirilməsi olduqca önəmlidir: “Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Bu ənənə davam edir və və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Ölkəmizin başçısı da Forumda olduqca mühüm məsələlərə toxunub, regional və qlobal miqyasda baş verən hadisələrə dair tam dəqiqliklə proqnozlar verilib. Cənab Prezident Xankəndidə yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında belə bir vacib Forumun keçirilməsinin əhəmiyyətini önə çəkib. Vurğulanıb ki, qərar eyni zamanda bura gələn qonaqlar üçün maraqlı olacaq, yenidənqurma, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıtması baxımından ərazilər azad olunandan sonra görülmüş işlərə baxmaq cəlbedicidir”.Deputat bildirib ki, ölkəmizin başçısı Forumda çıxışında regional və qlobal miqyasda baş verən proseslərlə yanaşı Azərbaycanla Ermənistan arasında sülh quruculuğu, atılan son addımları da diqqətə çatdırıb: “30 ilə yaxın Azərbaycan ərazilərinin işğal altında saxlanıldığı, işğal dövründə Azərbaycan ərazilərində etnik təmizləmə, vandalizm, və barbarlıq həyata keçirildiyi vurğulanıb. Azərbaycan ərazilərinin işğalı bir milyona yaxın soydaşımızın öz doğma torpaqlarından didərgin düşməsi və etnik təmizləmə ilə müşayiət olunub. Cənab Prezident də Forumda bir daha bu məqamlara toxundu. Erməni işğalı, tarixi, dini, milli abidələrin məhvi ilə müşahidə edilib. Ölkə vətəndaşları öz vətənində qaçqın və məcburi köçkünə çevrilib. Planlı şəkildə Azərbaycanlılara qarşı həyata keçirilən soyqırım etnik təmizləmə siyasəti ötən əsrin əvvəllərindən azərbaycanlıların tarixi ata-baba ocaqlarından zorla deportasiyası ilə müşayiət olunub. Bu xüsusda Qərbi Azərbaycandan min illiklərlə yaşadığı ərazilərdən soydaşlarımız zorla köçrürülməsi və etnik təmizləməyə məruz qalması kimi tarixi faktlar mövcuddur. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki antiterror tədbirləri nəticəsində Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Bu gün işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış Konsepsiyası əsasında bərpa-quruculuq işləri icra edilir”.
Məlahət İbrahimqızı Şuşada, Xankəndidə və digər işğaldan azad edilmiş ərazilərdə keçirilən beynəlxalq tədbirlərin mahiyyətinə toxunub: “Sözsüz ki, artıq üçüncü dəfədir keçirilən Forum da işğaldan azad edilmiş ərazilərin o dövrdə yaşadığı durumu, indiki vəziyyəti bir daha göz önündə canlandırılır. Azərbaycan dövlətinin öz ərazisində qısa zamanda gördüyü işlərin əhəmiyyəti önə çıxır. Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bu gün öz tarixi simasını bərpa etməklə yanaşı burada müasir infrastruktur, yaşayış evləri, sosial obyektlər, yollar, tunellər və zəruri işlər böyük şövqlə icra edilir. Bütün bunlar isə sözsüz ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər fonunda xalqımızın istək və arzularının ifadəsi kimi xarakterizə olunur”.
Mənbə: Siyasetİnfo.Az