Mən deyəndə ki, rüşvətsiz həyat yoxdur, bəzi ağzı göycəklər elə bilirlər ki, mən nəyəsə işarə edirəm. Daha bilmirlər ki, dünyada rüşvətsiz həyat yoxdur.
Mən deyəndə ki, dövlətli günü-gündən varlanır, kasıb günü-gündən kasıblaşır, bəzi ağzı göycəklər elə bilirlər ki, mən nəyəsə işarə edirəm, daha bilmirlər ki, dünyada dövlətli günü-gündən varlanır, kasıb günü-gündən kasıblaşır.
Mən deyəndə ki, yalan ayaq tutub yeriyir, bəzi ağzı göycəklər elə bilirlər ki, mən nəyəsə işarə edirəm. Daha bilmirlər ki, dünyada yalan ayaq tutub yeriyir.
Mən deyəndə ki, mavilərin sayı günü-gündən artır, bəzi ağzı göycəklər elə bilirlər ki, mən nəyəsə işarə edirəm. Daha bilmirlər ki, dünyada mavilərin sayı günü-gündən artır.
Mən deyəndə ki, çirkli pullar yuyulub, ciblərə gedir, bəzi ağzı göycəklər elə bilirlər ki, mən nəyəsə işarə edirəm. Daha bilmirlər ki, dünyada çirkli pullar yuyulub, ciblərə gedir.
Mən deyəndə ki, qızlar qızlara, oğlanlar oğlanlara tamah salır, bəzi ağzı göycəklər elə bilirlər ki, mən nəyəsə işarə edirəm. Daha bilmirlər ki, dünyada qızlar qızlara, oğlanlar oğlanlara tamah salırlar.
Mən deyəndə ki, futbol oyunları satılır, bəzi ağzı göycəklər elə bilirlər ki, mən nəyəsə işarə edirəm. Daha bilmirlər ki, dünyada futbol oyunları satılır.
Mən deyəndə ki, banklar kredit verib evimizi tikmək yerinə, xaraba qoyular, bəzi ağzı göycəklər elə bilirlər ki, mən nəyəsə işarə edirəm. Daha bilmirlər ki, dünyada banklar kredit verilib evləri tikmək yerinə, xaraba qoyurlar.
Mən deyəndə ki müğənnilər soyunub efirə çıxırlar, bəzi ağzı göycəklər elə bilirlər ki, mən nəyəsə işarə edirəm. Daha bilmirlər ki, dünyada muğənnilər soyunub efirə çıxırlar.
Mən deyəndə ki, düz sözə yer yoxdur, bəzi ağzı göycəklər elə bilirlər ki, mən nəyəsə işarə edirəm. Daha bilmirlər ki, dünyada düz sözə yer yoxdur.
Mən deyəndə ki, haqq-ədalət tərəzisinə “barmaq” ediblər, bəzi ağzı göycəklər elə bilirlər ki, mən nəyəsə işarə edirəm. Daha bilmirlər ki, dünyanın hər yerində haqq- ədalət tərəzisinə çoxdan “barmaq” ediblər.
Mən deyəndə ki, dünya öz oxu ətrafında yox, pul ətrafında fırlanır, bəzi ağzı göycəklər elə bilirlər ki, mən nəyəsə işarə edirəm. Daha bilmirlər ki, dünya çoxdan öz oxundan çıxıb, pul ətrafında fırlanır.
Əhməd Orucoğlu