29 C
Baku
10 İyul 2025, 20:25
Baş xəbərSiyasət

M. Əfəndiyev “Gender bərabərliyi məsələlərinin qlobal miqyasda müzakirəsi”ni apardı

Milli Məclisin deputatı Məzahir Əfəndiyev Dünya Bankı və BVF Parlament Şəbəkəsinin Gender Bölməsi üzrə İdarəetmə Komitəsinin ilk iclasında iştirak edib.

Bugun.tv xəbər verir ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) Parlament Şəbəkəsinin Gender Bölməsi üzrə İdarəetmə Komitəsinin ilk rəsmi iclası onlayn formatda keçirilib. Beynəlxalq səviyyəli bu iclasda Azərbaycan Respublikası Milli Məclisini Məzahir Əfəndiyev təmsil edib.

Qeyd edək ki, Komitə dünyanın müxtəlif regionlarından seçilmiş yeddi parlamentaridən ibarətdir. Belə ki, Afrikanı Keniya, Uqanda və Siera Lione, Latın Amerikasını Yamayka, Avropanı isə Belçika, Finlandiya və Azərbaycan təmsil edir.

Keçirilən iclasda əsas diqqət Komitənin gələcək fəaliyyət planına, o cümlədən gender bərabərliyi məsələlərinin qlobal miqyasda müzakirəsinə yönəldi. Fikir mübadiləsi zamanı iştirakçılar qadınların sosial, iqtisadi və siyasi həyatda iştirakının genişləndirilməsi, qanunvericilik təşəbbüslərinin gücləndirilməsi və müvafiq beynəlxalq öhdəliklərin icrası kimi məsələləri gündəmə gətiriblər.

Çıxış edən M.Əfəndiyev BMT tərəfindən 2015-ci ildə qəbul olunmuş Dayanıqlı İnkişaf Məqsədləri sənədinə xüsusi diqqət çəkib. O, bu sənəddə yer alan 5-ci məqsəd — Gender Bərabərliyi — ilə bağlı fikirlərini bölüşərək, Komitənin fəaliyyətində bu strateji sənədin bələdçi rolunu oynamasının vacibliyini vurğulayıb.

Ümumiyyətlə, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsi qlobal səviyyədə inklüziv və dayanıqlı inkişafın təşviqi, eləcə də parlamentlərarası əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb. Gender Bölməsi isə bu platforma daxilində xüsusi bir struktur olaraq, gender bərabərliyi və qadınların hüquqlarının müdafiəsi sahəsində birgə təşəbbüslərin hazırlanması və həyata keçirilməsi ilə məşğuldur.

Azərbaycanın Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin idarəedici strukturlarından birində təmsil olunması ölkəmizin insan hüquqları sahəsində qlobal təşəbbüslərə verdiyi töhfənin daha bir sübutudur.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanda Türkiyə məhsulları ucuzlaşacaqmı? – ANALİZ

Kəmalə Sultan

Rusiya və Cənubi Afrika hərbi əməkdaşlığı genişləndirir

Nigar Məmmədova

Lukaşenko Çinə səfər edib

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu