Bugun.tv xəbər verir ki, Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatında “Tanrının əli” kimi tarixə düşən qolunu vurduğu futbol topu hərracda 3,3 milyon dollara satılıb.
Maradona Argentina ilə İngiltərə arasında keçirilən 1986-cı il Dünya Çempionatının 1/4 final qarşılaşmasında topu İngiltərə millisinin qapıçısı Piter Şiltonun üzərindən əllə tora göndərmişdi. Hakimin qolu qeydə alması sonradan böyük mübahisələrə səbəb olmuşdu.
Oyundan sonra Maradona qol haqqında danışarkən onun “bir az Maradonanın başı, bir az da Tanrının əli” ilə vurulduğunu demişdi.
Həmin qarşılaşmada Maradona daha bir unudulmaz qol vuraraq İngiltərənin beş futbolçusunu və qapıçısı Şiltonu keçmişdi. Bu qol daha sonra “əsrin qolu” adlandırılmışdı.
ABŞ-da fəaliyyət göstərən Heritage Auctions şirkətinin təşkil etdiyi hərracda satılan top üçün əvvəlcədən təxminən 10 milyon dollar qiymət gözlənilirdi. Hərrac şirkətinin eksperti Mayk Provensal topu futbol tarixinin ən əhəmiyyətli əşyalarından biri kimi qiymətləndirib.
Oyunun tunisli hakimi Əli Bin Nasser matçdan sonra Adidas Azteca markalı topu özü ilə apararaq 30 ildən çox saxlayıb. O, 2023-cü ildə imzaladığı sənədlə topun həmin oyunda istifadə olunan top olduğunu təsdiqləyib. Bu məlumatın müstəqil ekspertiza nəticələri ilə də təsdiqləndiyi bildirilib.
Bin Nasser topu ilk dəfə 2022-ci ildə 2,37 milyon dollara satmışdı. 2023-cü ildə yenidən satışa çıxarılsa da, təkliflər müəyyən edilmiş minimum qiymətə çatmadığı üçün sövdələşmə baş tutmamışdı.
Maradonanın həmin oyunda geyindiyi forma isə 2022-ci ildə keçirilən hərracda 7,1 milyon funt sterlinqə satılmışdı.
Mənbə: TRT Haber
