14 C
Baku
22 Noyabr 2024, 3:01
Digər

Maya İmran: “Qadın özü bayram deyilmi?!”

Mübarizə, fədakarlıq yaradılışındadır onun.
Hələ öz hüquqlarının müdafiəsinə XIX əsrin sonu Amerikada başlayan Qadın və elə o vaxtdan başlanğıc götürən “8 mart” tarixçəsi, Avropanın da bir neçə ölkəsində eyni məqsədlə gəzib dolaşdı.
Gözəl yaşayış üçün “çörək və gül” istəyən qadınların 53 il davam edən mübarizəsi, nəhayət, özünə təqvimdə yer ala bildi.
Həyatda isə, hələ davam edir..
Çörək arxasınca qaçan, gülsüz qalır.
Gülü olanın da çörəyi “zəhərdi”.
Həm gülü, həm də çörəyi olan isə “tək-tüklər” isə “göz-nəfsdən qaçıb harasa gizlənib” qorxa-qorxa yaşayır..
Ya da bu gün ona bağışlanacaq GÜLÜ sinəsinə basıb qəbiristanlığa üz tutur qara yaylıqlı QADIN..
Ya da ilboyu yol çəkən gözü, bu gün həm də bir gül gözləyəcək..
Ya da gül kimi sözə həsrət qalacaq bu gün də…
Amma bu gün ən çox qönçə ikən solan, gül olmadan ləçək tökən qadının – ANAnın bayramıdır!
Bütün bayramlarını torpağa basdırıb, nəmli gözlərinə, ölmüş təbəssümünə təbrik yağan, saçı ağ, ömrü qara QADIN bu gün ilk təbrikini yuxusunda alıb, cənnətdəki oğlundan..
Bu gün bütün bayramlarını ANA VƏTƏNƏ fəda edən ŞƏHİD ANASININ, şəhid yarının, şəhid qızının bayramıdı!
Ən SEVDİYİNİ fəda edə biləcək qədər fədakar olan sevimli qadının bayramıdı! Torpaq qədər müqəddəs, o torpağı VƏTƏN edən şəhid qədər fədakar, ALİ Qadının bayramıdır!
Adında zəriflik qədər gücü, nəzakət qədər vüqarı, məsumluğu qədər müdrikliyi daşıyanların bayramıdı!
Bir halda ki, savaşlara səbəb olan qadın sevgi ilə, istiliklə ram olunur, onu daha da qəlizləşdirməyə niyə həvəsliyik ki?!
Bir halda ki, QADIN Pərinuş Səniinin “Məsuməsi” qədər “ömürdən pay verən”dir,
Drayzerin “Cenni”si kimi sevgi həsrətlisi,
C.Cabbarlının “Sevil”i qədər talesiz və cəsurdur,
Orxan Pamukun Füsunu qədər laqeyd, “gediş”lə barışandırsa,
bir halda ki, qadın sevgini doğandır, onu böyüdən, bəsləyən, qoruyandır, onu qorumaq çətindirmi?!
Ehtiyacı sevgi, istəyi sevilmək, həyat işığı, gücü, həvəsi, yaşamaq eşqi üçün “çörək və gül”- ruzi və sevgi ilə kifayətlənən qadının özü bir ömürlük bayram deyilmi?!
Bu bayramı tapın, kəşf edin, qoruyun və bayram kimi ömür yaşayın!

Maya İmran (AYB-nin, AJB-nin üzvü)

Bugün TV

Oxşar xəbərlər

Sultan Məsut əslində kimdir? Tarixdə Sultan Məsut varmı? Səlcuqlular dövründə Sultan Məsut varmı?

Sevinc Sadıqova

Ş.Kazımlı: “Yük daşımalarında sığorta vacibdir”

Nigar Məmmədova

285 kiloqram marixuana ələ keçirildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu