Dmitri Medvedev Böyük Britaniya və Fransanın Ukraynaya nüvə silahı verməsi ilə bağlı iddiaların “üçüncü dünya müharibəsinə aparan yol” olduğunu bildirib.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini bu açıqlamanı Moskvada Vyetnamın xarici işlər naziri Le Hoai Trung ilə görüşü zamanı verib. Medvedev Rusiya-Vyetnam münasibətlərinin inkişaf etdiyini və dialoqun gücləndirilməsinin Moskvanın xarici siyasətində prioritet olduğunu deyib.
“Bu, birbaşa dünya müharibəsidir”
Medvedev İngiltərə və Fransanın Ukraynaya nüvə bombası verməsi ehtimalını şərh edərək bildirib:
“Bu, birbaşa dünya müharibəsinə aparan yoldur. Bu cür addımların nəticələri məlumdur, amma yenə də belə təhlükəli oyunlar oynanılır”.
Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) London və Parisin Ukraynaya nüvə silahı vermək planları üzərində işlədiyini iddia edib.
Dmitri Peskov isə məsələni “son dərəcə təhlükəli” adlandıraraq bunun Ukrayna böhranının həlli ilə bağlı prosesdə nəzərə alınacağını vurğulayıb.
Mənbə: TrtHaber
