3 C
Baku
14 Dekabr 2025, 17:27
Baş xəbərMədəniyyət

Ş. Albalıyev: “Novruz adət-ənənələrini yaşatmaq lazımdır”

Bu gün torpaq çərşənbəsidir. Hər birimiz bunu xüsusi təntənə ilə qeyd edirik. Torpaq çərşənbəsi artıq baharın gəlişinin simvoludur. Novruz bayramına sayılı günlərin qalmasının sanki ismarıcıdır.

Torpağın oyanmasının mifik inancı isə “dirilmə, canlanma” anlamındadır. Xalq  arasında ona “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” də deyilir. Onu digərlərindən fərqləndirən cəhət isə daha təntənəli qeyd edilməsidir. Hava, od, su ünsürlərinin sonuncu çərşənbəsinin bir çox adət-ənənələri var.

Folklorşünas Şakir Albalıyevin sözlərinə görə, ilaxır çərşənbə digər çərşənbələr kimi od qalamaqla, səhər-səhər su üstündən atlanmaqla, süfrə mədəniyyəti ilə seçilir. “Onun özünə xas xüsusiyyətlərdən biri də budur ki, ət yeməklərinə az üstünlük verilir. Ancaq təbiətin hazırladığı nemətlər süfrəyə düzülür. Çünki bu həm də təbiət bayramıdır”.

Bir çox regionlarda İlaxır çərşənbənin təntənəsi Novruzu belə üstələyir. Mərasimləri sübh tezdən axan çaydan, bulaqdan su götürülür, üstündən atlanır, dərdini, arzusunu danışar, dilək diləyərlər. Axşamüstü isə tonqallar qalanır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə papaq atılır. Qızlar isə qulaq falına çıxırlar.

Deyilənə görə, ilin axır çərşənbə gecəsini hər kəs öz evində qeyd etməlidir. Əks halda həmin şəxs Novruzu ardıcıl olaraq yeddi il başqa yerdə qarşılamalı olacaq. Folklorşünas Şakir Albalıyev bildirir ki, qədim və milli bayramın adət-ənənələrini ilbəil unudulmaması üçün müəyyən tədbirlər görülməlidir.

“Məktəblərimizdə uşaq bağçalarında, ictimai müəssisələrdə Novruz bayramının təbliği təşviqi öyrənilməsi baxımından müəllimlərimiz, tərbiyəçilərimiz mühüm işlər aparmalıdırlar ki, balacalar bu bayramın mahiyyətini anlasınlar, onu sevsinlər. Böyüdükdə təmtəraqla qeyd etsinlər. Bayram adətlərini, ənənlərini bilsinlər, özləri ilə gələcəyə daşısınlar. Yəni bu müəllimlərin, valideynlərin tərbiyəçilərin öhdəliyinə düşən mühüm missiyalardan biridir”.

Xalq inamına əsasən, gələn ilin taleyi bu çərşənbədən asılıdır, çünki insanları qidalandıran məhz torpaqdır. Ona görə də insanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər. Ev-eşik təmizlənir, həyat-bacada isə torpaq bellənir, bağlarda budama işləri aparılır torpaq əkin üçün hazır vəziyyətə gətirilir.

Axır çərşənbədə də od qalanıb tonqal yandırılır. Tonqalın üstündən 7 dəfə tullanaraq, “sarılığım sənə, qırmızılığın mənə”, yaxud “ağırlığım, azarım-bezarım odda yansın” deyilir. Tonqal özü sönəndən sonra isə külü evdən kənar bir yerə atılır. Bununla da ailə üzvlərinin bütün ağırlığı atılan küllə birlikdə uzaqlaşır.

Oxşar xəbərlər

“Bizə hüquqi nəticə doğuran bəyanatlar lazımdır”

Aynur Camal

İsrail elan etdi: Həmas lideri Qəzzada öldürüldü

Aynur Camal

Ölkəmiz İsveçdə Qurani-Kərimə hücumu pisləyib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu