19 C
Baku
8 Sentyabr 2024, 3:34
Mədəniyyət

Minik növləri

Dəvədir, atdır, uzunqulaqdır, avtomobildir, bunlar hamısı rahat miniklərdir. Amma biz qadınlar üçün ən rahat minik bizim əziz kişilərdir. Rəhmətlik nənəm deyərdi ki, toy gecəsi kişini minsən, ömrünün axırına kimi yerin rahatdır. Əgər minməsən, o səni minəcək.

Qonşumuzun qızı toy gecəsi ara askitləşəndən sonra, bəyin qulağına pıçıldayır ki, sənə bir söz deyəcəyəm amma ikimizin arasında qalsın. Tutduğum işdən nə atamın, nə anamın, nə də qardaşımın xəbəri yoxdur. Təkcə müdirimdən savayı. Müdir sözünü eşidən bəyin gözləri bərəldi, rəngi saraldı, onu soyuq tər basdı. Gəlin bəyin soyuq tərini fatanın ucu ilə silib, yavaşdan dedi:

– Əgər narahatsansa, bir daş altda, bir daş üstə….heç kim bilməsin. Səhər çıxıb gedərəm atamın xarabasına.

Bəy bu sözlərdən sonra, əvvəlcə istədi papağını başına qoyub, özü getsin atasının xarabasına. Sonra fikrini dəyişib, hirsini içində boğub soruşdu:

– De görüm, o nə sirrdir ki, onu ancaq sənin müdirin bilir?

Gəlin dərsini bilməyən uşaqlar kimi başını aşağı saldı:

– Bir qələtdir eləmişəm, gərək mənə kömək edəsən. Üç aydır verə bilmirəm.

Bəyin dodaqları hirsindən əsməyə başladı:

– Nəyi verə bilmirsən?

– Krediti.

Kredit sözünü eşidəndə bəy, lənət sənə kor şeytan deyib, işıqları söndürdü.

Səhərin gözü açılan kimi bəy özünü çatdırdı anasıgilə. Anası oğlunun rəngindən başa düşdü ki, gecə nə isə xoşagəlməz hadisə baş verib.

– Anan sənə qurban, niyə belə bikefsən?

– Bikef olaram da, gəlin alanda baxmazlar ki, bu gəlinin…

Ana bu sözləri eşidən kimi ürəyi getdi. Səs-küyə bəyin atası çıxdı.

– Ay oğul, nə hadisə baş verib? Sən nə dedin ki, bu arvadın ürəyi getdi?

– Deyirəm ki, gəlin alanda baxmazlar ki…

Ata ürəyini tutub, yerə yıxıldı. Bəyin kiçik qardaşı söhbəti eşitcək özünü pəncərədən atıb, huşunu itirmiş anasına su verdi.

– Qardaş, mən səni bu qədər ağciyər bilməzdim.

Bəy əsəbləşdi:

– Bir macal verin, sözümü axıra qədər deyim. Ağlınıza cin-şeytan gəlməsin. Gəlinin krediti var.

Kredit sözünü eşidən kimi, ata durub oturdu, ana gözlərini açdı:

– Ay oğul, belə de də. Öldürmüşdin məni ki. Daha neyləmək olar, toydan bir az pul qalıb, apar gəlinin kreditini bağla, görək başımıza nə gələr.

Bax, qonşumuzun qızı toy gecəsi bəyin boynuna necə mindisə, bu günə kimi düşmür. Yoxsa mənim rəfiqəm kimi. O gün axşam maşınını qarajdan, ərini isə evdən “uqon” elədilər. Neçə vaxtdan sonra maşınını dərədə, ərini isə başqa bir xanımın ağuşunda tapdı. Maşının salamat yeri qalmamışdı. Mən hələ ərini demirəm. Ərini göndərdi ölüxanaya e..maşını göndərdi ölüxanaya, doğrayıb satdılar, ərini də aparıb qaytardı hardan vermişdilər ora, anasıgilə. İndi rəfiqəm neçə vaxtdır onun dili ilə desəm, özünə minik axtarır. Elə bilirsiz yaxşı minik tapmaq asandır? Rəfiqəmin xasiyyəti bir az tünddür. Hər miniyi bəyənmir, hərəsinə bir ad qoyur. Birinə deyir çox gedib, motoru stuk edir. Digərinə deyir, benzini çox işlədir, gecə-gündüz tüstü buraxır, boş-boşuna guruldayır. Birisi xoşuna gəlmişdi, “korpus”u yaxşı idi, amma sonradan məlum oldu ki, “xodavoyu” işləmir, yəni başı. Başsız kişi kimə lazımdır?

Bəzi qadınlar başqasının miniyini prokata götürür. Bir neçə il minir, sonra zayını çıxarıb, qaytarır. Məndən sizə əmanət, prokata minik götürməyin. Mənim fikrimcə, hərə öz miniyinə minsə yaxşıdır. Çalışın öz kişilərinizi də prokata verməyin.

Dəvədir, atdır, uzunqulaqdır, avtomobildir, kişidir, bu miniklərin bir az üzlərinə pis baxdın, heç nə. Dəvə üzünə tüpürəcək, at səni yerə vuracaq, uzunqulaq şıllaq atacaq, avtomobil yarı yolda qoyacaq, kişi isə səni boşayacaq. Bu miniklərə qayğı ilə yanaşın. Atı, uzunqulağı çox yükləməyin. Dəvəni gündə üç dəfə yağlayın, avtomobilin yağını vaxtında dəyişin, kişilərə yağlı yeməklər verin.

Dəvədir, atdır, uzunqulaqdır, avtomobildir, bunlar hamısı rahat miniklərdir. Amma biz qadınlar üçün ən rahat minik kişilərdir.

 

Əhməd Orucoğlu

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

“Fokus”-da bu dəfə kimlər olacaq?

Kəmalə Sultan

“Kızılcık şərbəti” mövsüm finalına çıxır

Kəmalə Sultan

Tanınmış bəstəkar koronavirusdan vəfat edib

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu