Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
Bugun.tv-yə daxil olan məlumata görə, tədbirdə Azərbaycanın Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov, səfirliyin əməkdaşları, Qahirədə yaşayan soydaşlarımız, əslən azərbaycanlı olan tanınmış misirlilər və Misir-Azərbaycan Dostluq Cəmiyyətindəki kurslarda Azərbaycan dilini öyrənən bir qrup tələbələr iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Misir-Azərbaycan Dostluq Cəmiyyəti rəhbəri və Misirdə Azərbaycan diasporunun sədri tədqiqatçı-alim Seymur Nəsirov son illərdə dövlətlərimiz arasında əlaqələrin sürətli inkişafından, Azərbaycan icmasının, eyni zamanda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən danışıb.
Sonra çıxış edən səfir Elxan Poluxov qeyd edib ki, Ulu öndərin qoyduğu təməl və müəyyən etdiyi bu tarixi gün xalqımızın gələcəyinə istiqamət verib. Həmrəylik Gününün Misirdə məhz bu Cəmiyyətdə qeyd edilməsi əlamətdar xatirədir və xalqlarımız arasında dərin tarixi köklərə söykənən əlaqələrin sübutudur.
Tədbirin sonunda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin hazırladığı hədiyyələr uşaqlara təqdim edilib və qonaqlar üçün ziyafət təşkil olunub.