14 C
Baku
22 Noyabr 2024, 8:19
Digər

Molla rejimindən ermənilərə “bərpa” təklifi – Elçin Mirzəbəyli YAZIR

Molla rejiminin Ermənistana və ermənilərə olan sevgisi bitib-tükənmək bilmir. Prosesin platonik müstəvidən kənara çıxdığı çoxdan məlum idi, amma bu qədər də yox…

Deməli, İrəvanda səfərdə olan “İran” adlanan ölkənin əmək və sosial rifah naziri Seyid Sultan Mortazavi erməni həmkarı Narek Mkrtçyanla görüş zamanı bəyan edib ki, Tehran rejimi 44 günlük müharibədə şikəst olan ermənilərə öz sağlamlıqlarını bərpa etmək üçün xidmət göstərəməyə və bu sahədə olan təcrübəsini Ermənistanlı mütəxəssislərlə bölüşməyə hazırdır.
Seyid Soltan Mortazavi bəyan edib ki, Ermənistanla əməkdaşlığın inkişaf etdirilməsi onun təmsil etdiyi rejim üçün prioritet təşkil edir.
Molla rejiminin təmsilçisi ilə erməni nazirin görüşündə Tehranın birgə peşə məktəbləri yaratmaq niyyəti də qarşı tərəfin diqqətinə çatdırılıb. Tərəflər, həmçinin
Zəngəzur bölgəsində müstəqil Ermənistan-İran mərkəzinin yaradılması imkanlarını da müzakirə ediblər.
Göründüyü kimi, molla rejimi ermənilərə xidmət göstərmək üçün bütün mümkün və mümkün olmayan, ağla gəlməyən forma və metodlardan, “alət”lərdən istifadə edir. Sağdan girib soldan, soldan girib sağdan çıxır və eyni əməlini ən müxtəlif konfiqurasiyalarda davam etdirir.
Yeri gəlmişkən, bir vaxtlar İran adlanan ölkənin dini liderinin Qarabağın müsəlmanların torpağı, bu torpaqların azad edilməsi uğrunda həlak olanların isə şəhid olduğunu “müəyyənləşdirən” “fətva”sı vardı. Guya o deməsəydi, biz bilmirdik. Kəsəsi, bu “fətva” 30 ilə yaxın bir zaman kəsiyində İran adlanan ölkədən müsəlmanların torpaqlarını işğal edən, məscidlərini, ziyarətgahlarını, qəbristanlıqlarını dağıdan, yurd-yuvalarını yerlə bir edən Ermənistana edilən yardımlarda, verilən dəstəkdə özünü büruzə verməsə də, az qala “möcüzə” yaradacaq bir ifadə kimi tez-tez xatırladılırdı… Nə oldu o “fətva”nın axırı? Daha “işə” yaramır? Hər şey bir yana qalsın, həmin o “fətva”nın mahiyyətinə görə, Azərbaycan torpaqlarının işğalında və işğal altında saxlanılmasında iştirak edənlər gorbagor, sağ qalanlar isə gorbagorluğa namizəd sayılırlar. Necə olsa da bu gorbagorluğa namizədlər öz torpaqlarını işğalçıdan təmizləyən, haqq, ədalət savaşında olan müsəlmanlara güllə atıblar, onları şəhid ediblər, yaralayıblar… Görünür, xeyli müddət ortaqlıda qalan “fətva” uçuş traektoriyasını dəyişib, qonub Ermənistana…
İnanmıram ki, bəşər tarixində nə zamansa bu qədər simasız, riyakar və saxta bir rejim olsun. Hansısa mərhələdə dayanacaqlarını düşünürsən, amma olmur. Durmurlar, dayanmırlar, getdikləri hər yerə “aftafa-aftafa” iyrənclik, riyakarlıq və rəzalət daşıyırlar.
Hər dəfə molla rejiminin əməllərindən təəccüblənməyəcəyini düşünürsən, amma olmur. Onlar belə işləri yaxşı bacarırlar… Minillər boyu arxa qapılardan saraylara yol tapmaq, girib-çıxmaq təcrübələri var. Lakin indi proses təkistiqamətlidir… Çıxmırlar!

Elçin Mirzəbəyli

Nigar Məmmədova

Oxşar xəbərlər

İsrail ordusu mülki şəxsləri bombaladı

Aynur Camal

Baş prokuror: “Vaqif Xaçaturyan barəsində cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq Bakı Hərbi Məhkəməsinə göndərilib”

Bugün TV

217 COVID peyvəndinin nəticələri aşkarlandı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu