Monteneqro Milli Muzeyinin Miodrag Dado Djuric İncəsənət Qalereyasında “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb.
Bugun.tv-yə daxil olan məlumata görə, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan sərgidə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından 24 dəyərli sənət nümunəsi yer alır.
Bunlara XVIII əsrdən müasir dövrədək xalqımızın zəngin mədəniyyətini, dünyagörüşünü, həyat tərzini və ənənələrini əks etdirən xalçalar, xalça məmulatları və eskizlər aiddir.
Sərginin açılışında Monteneqro Respublikasının mədəniyyət və media naziri Tamara Vuyoviç iştirak edib.
Sərgidə nümayiş olunan “vərni”, “zili” xovsuz xalçaları, “Ağaclı”, “Şıxlı”, “Cəyirli”, “Alpan” kimi xovlu xalçalar, həmçinin xalça məmulatlarından çul, heybə, məfrəş, ləməqabağı bənzərsiz bədii quruluşu, rəng ahəngdarlığı, zərif toxunuşu və özünəməxsus naxışları ilə bir-birindən seçilir. Şirvan, Quba, Bakı, Qazax, Qarabağ və Təbrizin toxuculuq məntəqələrində istehsal edilən bu unikal eksponatlar çoxmənalı elementlərlə, stilizə edilmiş zoomorf və nəbati ornamentlərlə zəngindir.
Xalq rəssamları Lətif Kərimov, Kamil Əliyev və Eldar Mikayılzadənin müəllifi olduğu müasir dövrə aid xalçalar və eskizlər də təqim edilən sənət nümunələri arasında xüsusi yer tutur.
Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Monteneqro Mədəniyyət və Media Nazirliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və Monteneqro Milli Muzeyinin təşkilatçılığı ilə keçirilir.
“Azərbaycan xalçası: təbiətlə dialoq” sərgisi avqustun 31-dək davam edəcək.
Mənbə: Mədəniyyət Nazirliyi