Tariximizin müxtəlif dövrlərinə aid 300 mindən çox maddi mədəniyyət nümunəsi var. Bu mirasinin qorunması üçün muzeylərdə təklükəsizlik tədbirləri hər zaman mütəmadi olaraq aparılır. Bəs muzey eksponatlarının sığortalanması və dəyən zərərlər necə ödənilir?
Bugun.tv xəbər verir ki, eksponatlar muzey ekspozisiyasına daxil olana qədər bir neçə mərhələdən keçir. Arxeoloji qazıntılar zamanı və ya nəsildən-nəslə ötürülən maddi nümunələrin çox vaxt bərpaya ehtiyacı olur. Muzey əşyalarının etibarlı qorunması tarixi-mədəni mirasın gələcək nəsillərə çatdırılması üçün olduqca vacibdir. Bu həm ziyarətçilərin eksponatlara vura biləcəyi hər hansı ziyanı, həm də yanğın və digər təhlükəsizlik məsələlərini əhatə edir.
Mədəniyyət Nazirliyinin Muzeylər və daşınan mədəni irs sektorunun müdiri Altun Mikayıllı bildirir ki, mühafizə və təhlükəsizliyin təmin olunması hər zaman diqqət mərkəzində saxlanılır. “Hər hansı eksponat təbii və ya insan faktoru nəticəsində zədə aldıqda ilk növbədə bu iş aktlaşdırılır. Sonra isə ekspert komisiyasi tərəfindən bu məsələyə baxılır. Müzeylərə məxsus hər bir ekponat sığortalanır və onların sığorta qiymətləri ekspertlər tərəfindən müəyyən edilir. Ziyan kim tərəfindən dəyibsə, həmin qarşı tərəfdən də ödənilir. Bu isə zədənin dərəcəsindən asılı olur. Əgər bu bərpa olunası bir eksponatdırsa bərpaçı konservatorlarımız var. Bu işi onlar həyata keçirirlər”.
Müzeylərdəki eksponatların yanğından və təbii fəlakətlərdən qorunması üçün beynəlxalq treninqlər tərəfidən muzey rəhbərləri və işçiləri mütəmadi olaraq təlimatlandırılır. Zərər dəyən hər bir əşya bərpaçı rəssamlar tərəfindən restavrasiya edilir. “İstər təbii fəlakətlər dövründə, istər müharibə dövründə bununla bağlı əvvəlcədən təyin etdiyimiz proqrama uyğun olaraq, eskponatlar seçilir, qablaşdırılır daşınması üçün müəyyən transport seçilir”.
Ölkəmizdəki muzeylərin daxilində bütün otaqlar təhlükəsizlik kameraları ilə təmin olunur. Eksponatların böyük bir qismi xüsusi şüşə vitrinlərdə sərgilənir. Bu vitrinlər siqnalizasiya ilə təchiz edilməklə yanaşı, həm də zərbəyədavamlıdır.