Bugun.tv– xəbər verir ki, bu gün ölkəmizdə keçirilən Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev adına Konsert Sarayında qardaş ölkənin zəngin mədəni irsini səhnədə təqdim edən xüsusi rəqs proqramı keçirilib.
Tədbirdə səhnəyə çıxan Özbəkistan Dövlət Filarmoniyasının “Navruz” Mahnı və Rəqs Ansamblı milli ənənələri, melodik ritmləri və rəqs incəsənətini yüksək peşəkarlıqla nümayiş etdirdi. Ansambl 2011-ci ildə Özbəkistanın məşhur Əməkdar Artisti Ravşana Şaripova tərəfindən milli musiqi və rəqs ənənələrini qorumaq məqsədi ilə yaradılıb və bu günə qədər müxtəlif səhnələrdə uğurla çıxış edir. Ansamblın rəhbəri isə “Şükrət” medalı sahibi Zarina Əhmədovadır.
Tədbir haqqında saytımıza birbaşa məlumatı və fotoları verən həvəskar şair, həvəskar musiqiçi, bədii qiraət ustası, aparıcı, hərbi mütəxəssis və Vətən müharibəsi veteranı Cəbrayıl Qənbər qeyd edib ki, sözügedən bu konsert Özbəkistan rəsmilərinin iştirakı ilə iki qardaş xalq arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində proqram və layihələrin müzakirəsinə də çevrildi:
“Səhnə çıxışları yalnız rəqsdən ibarət olmayıb, həm də milli musiqi və bədii elementləri birləşdirərək qonaqlara unudulmaz anlar yaşadıb.
Tədbirə sənət adamları, şairlər, yazıçılar, ziyalılar, müxtəlif peşə sahibləri, həmçinin Özbəkistan və Azərbaycan dövlət nümayəndələri, o cümlədən müharibə veteranları da qatılıb.
Və bu mədəniyyət alış-verişinin iki xalq arasındakı dostluq əlaqələrini daha da gücləndirdiyi bildirilib”.
