20 C
Baku
21 Sentyabr 2024, 7:22
Baş xəbərMədəniyyət

“Məhşər Divanı: Yalanın 17 anı”

“Kitab həyatımızın demək olar bir hissəsini təşkil edir. Oxuduğumuz hər hansı əsər belə bizə yeni şeylər öyrənməkdə, həyatda düzgün yol tutmaqda istiqamət verir. “Məhşər Divanı: Yalanın 17 anı” kitabı da məhz həyat həqiqətlərini əks etdirir”.

Bugun.tv xəbər verir ki, yeni nəşrin müəllifi Adəm İsmayıl Bakuvidir. Kitabda zamanımıza kimi gəlib çatan erməni yalanlarını, terror əməllərini bədii və xronoloji ardıcıllıqla qələmə alınıb. Müəllif əsərə gərgin əməyi ilə fərqlilik, oxunaqlılıq gətirib. Adəm İsmayıl uzun axtarışları, tarixə səyahətləri və şəxsi təcrübəsi sayəsində faktlarla dolu əsər yaradıb.

Kitab oxucunu yorulmadan, usanmadan axıra kimi oxumağa məcbur edir. Məsələn, müəllif BBC televiziyasına istinadən bir məsələni canlandırır. 92 yaşlı erməni qadının illər sonra vicdanına boğularaq bir etirafı verilir. Vaxtilə Bakı xəstəxanalarının birində müalicə alan yaşlı erməni qadına bir azərbaycanlı xanımın qayğı və diqqətindən söhbət açılır. Qoca və halsız olduğu üçün Azərbaycan mətbəxinin dadlı təamlarından olan qutabın yumşaq hissələrini erməni qadına yedizdirən azərbaycanlının daxili mədəniyyətinə və qarşısındakı insana kimliyindən asılı olmayaraq verdiyi dəyərə toxunulur. Əslində burada müqayisəyə ehtiyac yoxdur. Çünki hər biri mənsub olduğu milli xarakter və xüsusiyyətindən çıxış edib. Kitabın bu hissəsini oxuduqca insanın gözləri qarşısında ermənilərin azərbaycanlılara tutduğu divanlar, zülmlər canlanır. Qadınlarımıza verilən işgəncələr yada düşür.

kitab
“Məhşər divanı: Yalanın 17 anı”

Kitabın növbəti bölməsində tarixin dahi şəxsiyyətləri və tanınmış siyasi xadimləri haqqında qısa məlumatlar verilir. Hər bir oxucu üçün Çingiz xanın, İvan Qroznının, Adolf Hitlerin, İosif Stalinin və digərlərinin necə qəddarlıq etmələrindən söhbət açılır. Onların törətdikləri qanlı hadisələrdən bir neçəsi oxucuya təqdim edilir.

Əsəri oxuduqca növbəti bölmələrdə namərd qonşularımızın törətdikləri əməllərə, xainliklərə şahidlik edirsən. Hadisələr, faktlar bir-bir ardıcıllıqla çözələnir. Əsərdə qurulan divanın “baş qəhrəmanları” məhz erməni qaniçənlərdir. Tarixə ekskursiya xarakterli fəsillər və bölmələrdə ta ötən əsrdən başlayaraq hayların millətimizə qarşı həyata keçirdikləri bütün terror əməlləri faktlarla göstərilir. Kitabı oxunaqlı və maraqlı edən cəhətlərdən biri də əsərin yumşaq dillə, bədii ştrixlərlə zəngin olmasıdır. Müəllif ermənilərin yalnız azərbaycanlılara deyil, digər xalqlara, yəhudi və özbəklərə də tutduqları divandan, zülmdən də söz açır. Onların Xocalı, Xocavənd və digər yerlərdə törətdikləri qətliamlar və həmin ərazilərdə olan mədəni-tarixi abidələrimizə qarşı vandal hərəkətləri də müfəssəl şəkildə göstərilir. Bölmələrin birində Zori Balayanın “Ocaq” kitabına istinad edilərək, “Türkmənçay” müqaviləsi nəticəsində Azərbaycan ərazilərində ermənilərin məskunlaşdırılmasına toxunulur. Ardınca isə erməni alim Zaven Korkodyanın “Sovet Ermənistanın əhalisi. 1831-1931” adlı kitabında göstərilənlər olduğu kimi verilir: “1883-cü ildə İrəvan şəhərinin 18.766 nəfər əhalisinin 15.992 nəfəri, 1866-cı ildə isə 27.246 nəfərdən 23.626 nəfəri, yəni 85,2 faizi azərbaycanlı olmuşdur”.

kitab
Yenu nəşr işıq üzü gördü

Real tarixi hadisələrin və şəxslərin utopik məhkəməsi əsasında qurulan “Divan”da bütün həqiqətlər öz əksini tapır. Müəllif qələmə aldığı sənədli roman haqqında fikrini belə izah edir: “Mənim qələmə aldığım “Məhşər divanı. Yalanın 17 anı” əsəri, əslində dünyada və coğrafiyamızda yaşayan insanlığa zidd əməllərin kiçik epizodlarına ani bir nəzər salmaq məqsədi daşıyır”. Uzun illər hüquq-mühafizə orqanlarında çalışmış müəllifin əsəri bu şəkildə araya-ərsəyə gətirməsi, sənədlərin, faktların dəqiqliyi ilə ədəbiyyatın bədii çalarları əsasında canlandırması kitabı daha da oxunaqlı edir. Yəni oxucu rəqəmlərdən, çoxsaylı faktlardan yorulmur, növbəti hadisələrin gedişatını öyrənməyə can atır. Onu da qeyd edək ki, kitab rus, türk və erməni dilində də nəşr edilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Berlin nə Qarabağın “müstəqilliyini”, nə də orada keçirilən “seçkiləri” tanıyır

Elnarə Dərziyeva

Milyarder özünə yeni iş tapdı

Aynur Camal

Yol, kommunal problemlərmiz nə zaman həllini tapacaq?

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu