Azərbaycan və Ermənistan liderlərinin İrlandiyanın paytaxtı Dublində keçirilən görüşü regionda sülh gündəliyinin irəlilədilməsi və ikitərəfli münasibətlərin gələcək istiqamətləri baxımından diqqət çəkir. Görüşdə sülh müqaviləsi, sərhədlərin müəyyənləşdirilməsi və nəqliyyat əlaqələrinin inkişafı kimi məsələlər müzakirə olunub.
Bugun.tv xəbər verir ki, bu barədə siyasi ekspert Məhəmməd Əsədullazadə özünün sosial media hesabında paylaşım edib.
Ekspertin fikrincə, görüş Azərbaycan və Ermənistan arasında ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. O bildirib ki, müzakirələrin əsas mövzuları yekun sülh müqaviləsi üzrə Ermənistanın üzərinə düşən öhdəliklər, sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də TRIPP marşrutu üzrə işlərin başlanması ola bilər.
Məhəmməd Əsədullazadə hesab edir ki, görüş zamanı Ermənistanın Türkiyə ilə sərhədlərin açılması məsələsini də gündəmə gətirməsi mümkündür.
Siyasi ekspert, həmçinin Azərbaycan və Ermənistan arasında müəyyən sahələr üzrə iqtisadi əlaqələrin qurulması ilə bağlı razılığın əldə oluna biləcəyini istisna etməyib.

