Bugun.tv-yə daxil olan məlumata görə, siyasi ekspert Məhəmməd Əsədullazadə İranda baş verən siyasi proseslərlə bağlı diqqətçəkən açıqlama verib.
Ekspert bu barədə sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, ölkədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) prezident Məsud Pezeşkiana xəbərdarlıq etməsi ölkənin siyasi sistemində ciddi problemlərin olduğunu göstərir. Əsədullazadə qeyd edib ki, SEPAH prezidentin qonşu ölkələrə ünvanladığı üzrxahlıq mesajını yanlış açıqlama kimi qiymətləndirib və bu addım faktiki olaraq dövlət başçısına təzyiq kimi qəbul oluna bilər.
Siyasi ekspert bildirib ki, hazırkı şəraitdə ölkədə real hakimiyyət balansı dəyişib və idarəetmədə əsas rol SEPAH-ın əlində cəmlənib. Onun fikrincə, bu vəziyyət İranda faktiki olaraq hərbi idarəetmə modelinin formalaşmasına gətirib çıxarıb.
Məhəmməd Əsədullazadə əlavə edib ki, yaranmış vəziyyət ölkədə hakimiyyət boşluğuna səbəb olub və prezident administrasiyası qərar qəbul etmək və idarəetmə funksiyalarını tam şəkildə həyata keçirməkdə çətinlik çəkir. Ekspert hesab edir ki, əgər səlahiyyətlər tam şəkildə prezidentin əlində cəmlənsəydi, ABŞ ilə dialoq imkanları da yarana bilərdi.
Onun sözlərinə görə, hətta yeni dini lider seçilsə belə, mövcud siyasi şəraitdə onun idarəetməyə təsir imkanlarının məhdud olacağı ehtimal edilir.
