Bugun.tv xəbər verir ki, siyasi ekspert, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə Rusiyanın Ermənistana qaz ixracını dayandırmasının mümkün siyasi nəticələrini sosial media hesabında şərh edib.
Ekspertin fikrincə, Moskvanın bu addımı Ermənistanda Baş nazir Nikol Paşinyanın daxili siyasi mövqeyini müəyyən qədər gücləndirə bilər. O hesab edir ki, Rusiya tərəfindən tətbiq olunan məhdudiyyətləri Paşinyan ölkənin Moskvadan enerji və siyasi baxımdan asılılığının azaldılması istiqamətində arqument kimi istifadə edə bilər.
Məhəmməd Əsədullazadə bildirib ki, yaranmış vəziyyət Paşinyana daxili auditoriyaya Rusiyadan uzaqlaşma siyasətini əsaslandırmaq üçün əlavə imkan yaradır. Onun sözlərinə görə, enerji məsələsi Ermənistanın xarici siyasətində də yeni istiqamətlərin formalaşmasına təsir göstərə bilər.
Ekspert Azərbaycanın gələcəkdə Ermənistana qaz ixrac edə biləcəyini də istisna etməyib. Onun sözlərinə görə, iki ölkə arasında mövcud infrastrukturun olması belə bir imkanın gələcəkdə reallaşmasına şərait yarada bilər.
Əsədullazadə Rusiyanın Cənubi Qafqazdakı gələcək rolunun isə Ukraynada davam edən müharibənin nəticələrindən asılı olacağını düşünür. O qeyd edib ki, Rusiya Ukraynada üstünlük əldə edərsə, regiondakı təsirini yenidən artırmaq üçün müxtəlif siyasi və iqtisadi vasitələrdən istifadə etməyə çalışa bilər.
