İnsanlıq dramına cahilcə yanaşanlar üçün…
Türkiyədə baş verən faciəli hadisələrin, dünya ölkələrinin yardıma gəlməsi, qısacası bu təbii fəlakətin bütün detallarını müasirlərimiz izləyir. 30 il öncə deyil ki! Gözü, ağlı olan hər kəs bu və digər şəkildə dəhşətli təbiət hadisəsinin içindədir: kimi həyatını itirir, kimi yenidən doğulur, kimi yardıma qaçır, kimi acı çəkir… Daha bir insanlıq dramı yaşanır.
Türkiyədəki məlum zəlzələ uşaqdan-böyüyə bütün dünyanı silkələyib, sarsıdıb, dünya vəhşətə şahidlik edir. İnsanlığın ağır imtahan verdiyi bu hadisədən dərs almaq əvəzinə, hansısa saytı təsis edib özünu jurnalist, politoloq sayan, əslində isə klaviatura, sosial şəbəkələrdən o tərəfə getməyən, bu ağır dönəmdə Türkiyəni və Azərbaycanla münasibətlərini hədəf götürən, İslam adı altında İranın molla rejimini müdafiə edən bir qrup müşahidə olunur. Birinə cavab yazırsan, sanki 10-15-i yerdən çıxıb tökülüşür klaviaturaya… Ay Azərbaycanımın gözəl insanları, qəbul edin: Türkiyə sizin düşünə bilmədiyiniz qədər böyük dövlətdir. Kökümüz, soyumuza şübhə edənlərə xatırlatmaq lazımdır ki, Türkiyə-Azərbaycan bir millət iki dövlətdir.
Bir az bu xalqın tarixini oxuyun, öyrənin, sonra nə isə yazmağa qərar verin. Sadəcə son bir əsrdəki iki tarixə – 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun çəkən müharibələr nəticəsində Bakını xilas etməsinə və yaxın keçmişimizə – II Qarabağ müharibəsinə bir də nəzər salın…
Siz hansısa maraqlar naminə, hansısa təsirlər altında bu doğmalığı, qardaşlığı, dostluğu sadəcə görmək istəməyə bilərsiniz. Bu sizin baxışınızla, dünya görüşünüzə bağlı problemdir. Lakin yüz minlərlə insanın mücadilə verdiyi dönəmdə düşmən möveyinizlə gündəmə gəlmək iddianız, bir başa insanlıq dəyərləri ilə bağlıdır. “Sapı özümüzdən olan baltalar” daha ağrılıdır. Bu gün soyuq Avropadan tutmuş Uzaq Şərqə qədər, hətta düşmən ölkələr belə Türkiyənin yanındadır. Çünki İnsanlıq imtahan olunur. Desək ki, cəhalətdən gəlmisiniz, xətrinizə dəyər. Amma araşdırmadan qərar vermək, öyrənmədən inanmaq cəhalət qoxusudur. Necə deyərlər, çəyirtkə tək başına təhlükəli deyil, amma çoxalanda fəlakətə çevrilir. Cahillər də belədir. Allah dünyamızı cəhalətdən, cahillərdən qorusun. Hə, bir də bu dar macalda İranı sevdirmək, müdafiə etmək cəhdləriniz o qədər yersizdir ki…
Mətanət Ağamirli, Əməkdar jurnalist