14 C
Baku
25 Aprel 2025, 2:54
Digər

Namiq Hüseynli : “Dörd min kitab oxumuş kitabçı və onun uşaqlıq arzusu”

Sosial şəbəkədə gördüyüm bir şəkil üzərinə uzun bir düşüncəyə daldım. Şəkildə ikinci əl kitablar satılan dükan və onun qarşısında öz dünyasına dalaraq kitab oxuyan kasıb, fəqir görünüşlü sahibi görünürdü. Özümü bildim biləni ikinci əl kitabçılarını görəndə həmişə kədər məni bürüyüb. Çünki peşəmlə əlaqədar tam bu işlərin içindəyəm, bilirəm ki, ikinci əl kitab satanlar dolanışığa bəs etməyəcək qədər az pul qazanırlar və çox vaxt borc içində olsalar da tale ilə amansız mübarizələr, xarakterlərinin verdiyi qürur, ləyaqət, inad, idealistlik, oxumağa və oxutmağa sevgi hissi ilə illərlə bu peşədə qalmağa davam edirlər.
Bir neçə gün sürən araşdırmadan sonra haqqında bəhs etdiyim kitab dükanı və onun sahibi ilə bağlı öyrənməyə çalışdım. Mağaza Mərakeşin paytaxtı Rabat şəhərinin qədim bölgəsində yerləşirmiş, sahibinin adı Məhəmməd Əzizdir. Məhəmməd Əzizin maraqlı həyat hekayəsi var.
Kasıb mərakeşli ailəsindən olan Məhəmməd Əziz 6 yaşı olanda atasını itirir. Uşaqlıqda ən böyük arzusu orta məktəbi bitirmək olan M. Əziz təhsilini başa vura bilmək üçün müxtəlif işlərdə çalışır, hətta balıq tutub satır, ancaq 15 yaşı olanda orta məktəb dərsliklərinin çox baha olması üzündən təhsilini yarımçıq qoymaq məcburiyyətində qalır. Təhsil almaq arzusu ürəyində qalan Məhəmməd Əziz 1967-ci ildə yarım əsrdən çoxdur davam edən kitab satıcısı kariyerasına başlayır. O Mərkeşin yerli mediasına müsahibəsində deyir: “Beləcə kitab satmağa başlayaraq uşaqlığımdan, vəziyyətimdən və kasıblığımdan intiqam almağa çalışdım”.
Məhəmməd Əziz hər gün səhər erkəndən oyanıb Rabatın qədim bölgəsinə gəlir və mağazasının piştaxtalarına yeni gətirdiyi kitabları düzür. Onun 5 metr eni və 5 metr uzun olan mağazasında kitabsevərlər 5 dirhəmə də kitab tapa bilir, 5 dirhəm təqribən 0.52 dollar edir.
Qədim şəhərin ən köhnə kitab satıcısı günün 12 saatını kitab oxumaqla keçirir və gün ərzində ancaq yemək yemək, namaz qılmaq üçün oxuduğu kitablardan ayrılır. Məhəmməd Əziz deyir ki, “Uzun illər ərzində Mərkeşdə yazıb-oxuma səviyyəsi xeyli yüksəlsə də, hələ də mərakeşlilərin hardasa dörddə biri yazıb-oxuya bilmir. Hər kəs oxumağı öyrənib qurtarana kimi mən burda oturmağa davam edəcəyəm”. 75 yaşlı Məhəmməd Əziz ötüb keçən zaman ərzində 4 minə yaxın kitab oxuyub və hər gün ərəb, ingilis, fransız və ispanca kitablar oxumağa davam edir. O düşünür ki, hamının çoxlu kitab oxumaq şansı olmalıdır.
Oxumaq əmrinin müsəlmanların müqəddəs kitabından gəldiyini deyən Məhəmməd Əziz oxunmadan ötürülən səhifələrə və oxuya-oxuya dolanmaq üçün işləməyə məcbur olan şagirdlərə görə çox üzüldüyünü deyir.
Hər tədris ilinin sonunda tətilə yollanan şagirdlər öz dərsliklərini Məhəmməd Əzizin dükanına verir, bunun hesabının onun dükanında çoxlu sayda istifadə olunmuş riyaziyyat, tibb, dini dərsliklər toplanıb. M. Əziz isə öz növbəsində həmin dərsliklərə ehtiyac duyanlar üçün xeyli ucuz qiymətə satır və onun özünün də bir zamanlar üzləşdiyi bahalı dərslik probleminin şagirdlər üçün daha əngəl olmamasına çalışır.
Mərakeşin və dünyanın fərqli bölgələrindən Məhəmməd Əzizin mağazasına gələn insanların ona hədiyyə etdiyi xarici dil kitablarının köməyilə mağaza sahibi sərbəst şəkildə xarici dillər öyrənib. Onun dediyinə görə daha çox standart ərəbcəni (red – Mərakeşdə istifadə olunandan fərqli, rəsmi ərəbcə nəzərdə tutulur) və fransızcanı öyrənmək üzərində çalışıb və rəfləri həmin dildə kitablarla doludur.
Beləliklə, Məhəmməd Əziz heç bir təhsil almadan standart ərəbcə və fransızca sərbəst danışmağı öyrənib.

İstifadə olunmuş mənbə:
(https://www.moroccoworldnews.com/2019/04/270465/selling-books-in-a-country-that-cannot-read

Oxşar xəbərlər

“pozlaşan iqtisadiyyatı” səbəbindən səfirliklərinin bir qismini bağladı

İntizar Əmirova

Tanınmış aparıcı energetiklərə təlim keçib

Kəmalə Sultan

Bu ölkədə quraqlıq xəbərdarlığı edildi!

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu