“Gədəbəydə baş vermiş insident heç də xoşa gələn hadisə deyil. Hər kəs məyus olub. Qalib ölkənin ucqar bir kəndində bele bir halın yaşanması məsul şəxslərin, aidiyyatı qurumların bu problemi öncədən həll etməməsi ilə bağlıdır. Əgər vaxtında bu istiqamətdə vətəndaşlarla lazımi söhbətlər aparılsaydı, onlara bu hadisənin gerçək tərəfləri təqdim edilsəydi, orada hər hansı qazıntı-quraşdırma işlərini həyata keçirən şirkətlə vətəndaşlar arasında ortaq məxrəcin tapılmasına nail olunsaydı, bu hadisə baş verməzdi”.
Bu fikri Bugun.tv-yə Milli Məclisin deputatı Naqif Həmzəyev özəl açıqlamaslnda bildirib.
N.Həmzəyevin fikrincə, polislə vətəndaş, xüsusilə də yaşlı qadınlar arasında yaşanan bu insident Azərbaycan mental dəyərlərinə uyğun deyil. Həmçinin, insan haqlarına ziddir. Polisin Azərbaycan qadını ilə belə sərt davranış qəbuledilməzdir. Xüsusilə də qazın gözə vurulması…
“Düşünürəm ki, Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi hadisə ilə bağlı lazımi tədbirləri görəcək. Bunun kimin əmri ilə həyata keçirilirməsi qısa bir müddətdə məlum olacaq. Aidiyyatı şəxslər öz cəzalarını alacaq. Bununla yanaşı, vətəndaşın da polisə qarşı aqressiya göstərməsi qəbuledilməzdir. İstənilən halda, aidiyyatı qurumlar vətəndaşları, bu problemin böyüməsində maraqları olan şəxsləri tapıb araşdıracaq. Onlara həqiqəti çatdıracaq. Vətəndaşlarla şirkət ərazisində hansısa quraşdırma işlərini həyata keçirəcək təşkilat arasında ortaq məxrəc tapılacaq. Həqiqətən burada süni gölün yaradılması, hansısa qazıntıların və bura mədən sularının axıdılmasının ziyanı varsa, bu prossesin qarşısı alınacaq”,- deputat vurğulayıb.
N.Həmzəyev bildirib ki, Ekologiya Nazirliyi də bu məsələ ilə bağlı ciddi məşğul olmalıdır. “Bacardığımız qədər çalışmalıyıq ki, kəndlərdə yaşayan vətəndaşlarımızın hüquqları qorunsun. Eyni zamanda, polislə vətəndaş arasında həmrəylik, dostluq, birlik yaransın. Çünki biz polisi həmişə təhlükəsizliyimizi təmin edən bir qurumun nümayəndələri olaraq görmüşük. Bu belə də olmalıdır. Polislə vətəndaş arasında heç bir narazılığın olmamasına çalışmalıyıq. Bunun üçün də məsul şəxslər çalışırlar. Bir daha qeyd edirəm ki, problemin bu qədər böyüməsinin səbəbi aidiyyatı qurumların vətəndaşlarla arasında düzgün əlaqə qurmamasıdır. Vətəndaşlar arasında maarifləndirmə işinin aparılmaması, onları yalnış yerə yönləndirilməsidir”,- deputat qeyd edib.