Bugun.tv xəbər verir ki, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq istintaqa təqdim olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Gəncə şəhər sakini, əvvəllər də narkotiklərin dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Fuad Abbasov saxlanılıb.
Şəxsi axtarış zamanı onun üzərində daşıdığı sellofan torbadan külli miqdarda, yəni 1 kiloqram 180 qram heroin aşkar edilərək götürülüb. Aparılan araşdırma zamanı məlum olub ki, saxlanılan şəxsin Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən iranlı narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb edilib.
Sonuncu dəfə Qobustan rayonu ərazisində əvvəlcədən ona deyilən ərazidən narkotik vasitəni götürüb, paytaxta aparmaq istəyən F.Abbasov polis əməkdaşları tərəfindən yaxalanıb.
Faktla bağlı cinayət işi başlanılıb, F.Abbasovun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.