İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşısı bir neçə əməliyyat keçirilib.
Bu barədə Bugun.tv-yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, keçirilən tədbir zamanı narkotik tərkibli bitkilər becərməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini İlqar Mamedov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan həmin şəxsin xüsusi aqrotexniki qulluq göstərməklə yetişdirdiyi 25 ədəd çətənə bitkisi aşkar edilib.
Keçirilən digər əməliyyat zamanı isə rayon sakini Taleh Dəmirli saxlanılıb. Onun yaşadığı kənd ərazisində çöllük sahədə becərdiyi ümumi çəkisi 4 kiloqrama yaxın olan 13 ədəd narkotik tərkibli çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.