Bu ilin ilk rübündə neft-qaz sektorunda 0.2 faiz artım qeydə alınıb. Artımın strukturuna diqqət yetirəndə bəlli olur ki, bu neft sektorundakı stabilləşmə deyil, qaz hasilatının artması hesabına mümkün olub.
Bugun.tv xəbər verir ki, bu haqda məlumatı Millət vəkili Vüqar Bayramov öz şəxsi feysbuk səhifəsində paylaşıb. Məlumatda qeyd olunur ki, əmtəəlik neft hasilatı 6,0 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,4 faiz artıb. Bu isə o deməkdir ki, neft sektorunda istehsalın stabilləşməsi ilə bağlı səylərə rəğmən hasilatda azalma davam edib. Təbii ki, burada müsbət məqam təbii qaz hasilatındakı artımlar ilə bağlıdır. Belə ki, daha çox qaz hasilatı, daha çox ixrac deməkdir. Bu fiskal və strateji baxımdan əhəmiyyətli məqamdır.