“İsrailin Baş naziri Benyamin Netanyahunun siyasəti İran və ABŞ arasında aparılan danışıqlar prosesinin dayanmasına səbəb oldub”.
Bugun.tv– xəbər verir ki, bu barədə siyasi ekspert Məhəmməd Əsədullazadə sosial media hesabında paylaşım edərək bildirib.
“Netanyahunun əsas məqsədi bölgədə hərbi qarşıdurmanın davam etməsidir. İran daxilində də, xüsusilə SEPAH rəhbərliyi arasında ABŞ ilə mümkün razılaşmalara qarşı ciddi müqavimət mövcud olub”- deyə o əlavə edib.
M. Əsədullazadə həmçinin qeyd edib ki, İsrailin Livanda Hizbullaha qarşı həyata keçirdiyi son genişmiqyaslı hücumlardan sonra İranın İsrail istiqamətində raket zərbələri endirməsi regionda gərginliyi daha da artırıb.
Siyasi ekspertin sözlərinə görə, İran raket potensialını bərpa edib və öz hərbi imkanlarına güvənir. O bildirib ki, ölkə daxilində də İsrailə qarşı həyata keçirilən cavab tədbirlərinə müəyyən ictimai dəstək müşahidə olunur.
M. Əsədullazadə hesab edir ki, ABŞ və İsrailin İrana qarşı hərbi təzyiqləri regiondakı vəziyyəti köklü şəkildə dəyişməyəcək. Ekspertin fikrincə, mümkün hərbi eskalasiya nəticəsində həm İsrail və Körfəz ölkələri, həm də İran ciddi itkilərlə üzləşə bilər.
