“Mən Azərbaycanı sevirəm. Artıq 3-cü dəfədir ki, bu ölkədə qonaq oluram. Bu sevgimdən dolayı illər öncə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün kitab yazmaq qərarına gəldim”.
Bugun.tv xəbər verir ki, bu sözləri niderlandlı yazıçı-publisist Henri Van Rens Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyində qonaq olarkən deyib. O, nümayəndəliyin direktoru Selçuk Karakılıçla söhbət zamanı Xocalı soyqırımı haqqında kitabın müəllifi olduğunu diqqətə çatdırıb. Hazırda yeni kitabını yazdığını bildirib. Bununla bağlı tez-tez Qarabağa səfər etdiyini deyib.

“Niderlandda insanlar Azərbaycan həqiqətlərini bilmirlər. Onlara bunu çatdırmaq lazımdır. Buna görə də mən növbəti kitabımı yazmağı qərara aldım. Məqsədim Azərbaycanı aqressiv adlandıranlara tamamilə yanlış olduqlarını bildirməkdir. Onlara həqiqətləri göstərməkdir. Hər kəs bilməlidir ki, aqressiv olan tərəf ermənilərdir. Bütün bunlar kitabımda sübutlarla, vizual görüntülərlə qeyd olunacaq”,- yazıçı Henri vurğulayıb.

O, yeni nəşrini 3 dildə çap etdirmək niyyətindədir. Əldə etdiyi gəliri isə Qarabağ müharibəsindən zərər çəkənlərə bağışlayacaq.
Müxbir: Qaytən Qasımzadə
