Fələstin Azadlıq Təşkilatı (FAT) nəzdində fəaliyyət göstərən Fələstinli Əsirlər və Azad Edilənlər Heyəti bildirib ki, işğal altındakı İordan çayının qərb sahilində yerləşən Ofer Həbsxanası rəhbərliyi Ramazan ayında fələstinli məhbuslara sahur və iftar vaxtlarını bildirmir.
Qurumun yazılı açıqlamasında qeyd olunur ki, həbsxana rəhbərliyi səhər və axşam azanlarının vaxtlarını məhbuslara çatdırmır. Bu isə orucun düzgün vaxtda tutulmasını və açılmasını faktiki olaraq mümkünsüz edir.
Gilboa həbsxanasında da oxşar vəziyyət
Heyətin vəkili Xalid Mahacinə “Fələstinin Səsi” radiosuna açıqlamasında bildirib ki, Gilboa Həbsxanasındə saxlanılan məhbuslar da Ramazan ayının başladığını əvvəlcədən bilməyiblər və həbsxana rəhbərliyi tərəfindən hər hansı məlumatlandırma aparılmayıb.
Onun sözlərinə görə, “işğal orqanları dini günlərdə fələstinli məhbusların sevincini kölgələməyə çalışır, təzyiq və pis rəftar vasitəsilə onların ailələrinin də Ramazan sevincini yarımçıq qoyur”.
Mahacinə əlavə edib ki, bəzi məhbuslar Ramazanın başladığını məhkəməyə çıxarıldıqları zaman öyrəniblər. O bildirib ki, məhbuslar sahur etmədən oruc tutur və iftar üçün yalnız çox az miqdarda qida ilə kifayətlənməyə məcbur qalırlar.
9 mindən çox fələstinli həbsdədir
Məlumatlara əsasən, İsrail Həbsxana Xidməti nəzarətində olan həbsxanalarda 350-si uşaq olmaqla 9 mindən çox fələstinli saxlanılır. Hüquq müdafiəçiləri məhbusların işgəncə, pis rəftar, qida çatışmazlığı və tibbi laqeydliklə üzləşdiyini bildirir.
Bölgədə 2023-cü ilin oktyabrından sonra vəziyyətin daha da gərginləşdiyi və məhbuslara tətbiq olunan məhdudiyyətlərin artdığı qeyd olunur.

Mənbə: TrtHaber
