Bugun.tv xəbər verir ki, son zamanlar suçiçəyi xəstəliyinə yoluxanların sayı sürətlə artır. Araşdırmalar göstərir ki, onların əksəriyyəti məktəblilərdir.
Həkim-infeksionist Namiq Nəbiyev suçiçəyinin yoluxuculuq qabiliyyət, inkubasiya dövrü, qorunma yolları ilə bağlı Bugun.tv-yə məlumat verib.
“Suçicəyi adlandırdımız xəstəliyin əsl adı “valsella”dır. Qısa dövrlü qızdırma ləkəli, su qabarcıqlı səpkilərlə özünü göstərən xoşxassəli virus infeksiyasıdır. Xəstəlik başlayarkən hərarət, öskürmə, halsızlıq və zəiflik halları ilə biruzə verir. İnkubasiya, yəni gizlilik dövrü 10 gündür. Axırıncı səpkilərin 5-ci gününə kimi davam edir. Bu xəstəlik, əsasən kəmərləyici dəmrovu olan xəstələrdən keçir. Yoluxma hava-damcı yolu ilə olur. Eləcə də ana bətnində baş verə bilir. Uşaqlar suçiçəyinə qarşı həssas olurlar”.
N. Nəbiyevin sözlərinə görə, xəstəlik, əsasən yaz-qış aylarında baş verir. Belə fəsillərdə immunitet aşağı düşür və yoluxma riski böyüyür. İnkubasiya 21 günə kimi davam edə bilir. Orta hesabla, xəstəliyin çətin dövrü 14 gün olur.
Əksər hallarda xəstələrdə səpkilər daha ağırlaşmış formada davam edir. Su qabarcıqlarını qoparmaq olmaz. Bu halda, qanaxma baş verir və ya səpkilərin əmələ gəldiyi müddətdən 5 gün ərzində bütün bədənə yayılır.
“Bunun ən yaxşı müalicəsi gigiyenaya riayət etməkdir. İç geyimini hər gün dəyişmək və səpkilərə səhər-axşam “zelyonka” adlandırdığımız maddəni vurmaq lazımdır. Bu səpkilərin bədənin müxtəlif görünməyən nahiyələrində yayılması ehtimalı var. Belə xəstələr geyimlərini tez-tez dezinfeksiya etməli və dəyişməlidirlər. Xəstələrin olduğu otaqda xalça və ya hər hansı bir örtük vasitələrindən istifadə olunmamalıdır. Yatdıqları yerin uzərinə əlavə örtük çəkilməsinə ehtiyac yoxdur. Günəş şüası otağa tez-tez düşməlidir, otağın havası dəyişilməlidir. Xəstə sanitariya qovşağından istifadə etdikdə, dərhal xlorlanmalıdır”.
Ümumiyyətlə, xəstənin təmas olduğu yerlər dezinfeksiya edilməlidir. Axırıncı qızartılar bitənə qədər xəstəlik qalır. Xəstə 15-ci günə kimi digər insanlarla təmasda olmamalıdır.