OpenAI şirkəti GPT-4o modelinin istifadəsinin rəsmi olaraq dayandırıldığını açıqlayıb. Bildirilib ki, model 13 fevral tarixindən etibarən platformadan çıxarılıb və artıq istifadə olunmayacaq.
Məlumata görə, GPT-4o ilə yanaşı GPT-4.1 və o4-mini modellərinin də istehsalı və istifadəsi dayandırılıb. Bu qərar xüsusilə GPT-4o-nun özünəməxsus danışıq tərzinə və tonuna öyrəşmiş istifadəçilər arasında ciddi narazılıq yaradıb.
Qeyd edək ki, OpenAI daha əvvəl də GPT-4o modelini müvəqqəti dayandırmışdı. Ötən ilin avqust ayında GPT-5 modelinin təqdim edilməsindən sonra GPT-4o istifadədən çıxarılmış, lakin istifadəçilərin güclü reaksiyası nəticəsində yenidən bərpa edilmişdi.
İstifadəçilər GPT-4o-nu “müsbət, isti və dəstəkləyici ünsiyyət tərzinə malik” model kimi dəyərləndirsələr də, bəzi tədqiqatçılar onun həddindən artıq “təsdiqləyici” davranış sərgilədiyini bildirib. Bu xüsusiyyətin istifadəçini həqiqətdən çox razı salmağa yönəlməsi “yaltaqlıq meyli” kimi qiymətləndirilib.
Mütəxəssislər vurğulayır ki, bu qərar süni intellekt modellərinin artıq təkcə texnoloji vasitə deyil, eyni zamanda istifadəçilər üçün “rəqəmsal yoldaş” roluna çevrildiyini bir daha göstərir.
Mənbə: TRT Haber
