Orqan bağışlanması tibbin ən son nailiyyətlərindəndir. İnsan həyatını xilas etmək, ömrü uzatmaq üçün sıradan çıxan, bərpa edilməsi mümkün olmayan orqanları vəfat etmiş şəxsin orqanı ilə əvəz edirlər. Bəs, görəsən ölkəmizdə orqan bağışlamaq istəyənlər hansı addımı atmalıdırlar?
“Qanunun tələbinə əsasən ölkəmizdə orqan bağışlanması könüllülük, şəfqət və təmənassızlıq əsasında həyata keçirilir. Vəfatından sonra daxili orqan və toxumaların könüllü bağışlamaq istəyən vətəndaşlar Səhiyyə nazirliyinin daxilində fəaliyyət göstərən Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya mərkəzinə müraciət edə bilərlər. “Müraciət edən şəxslər orqan və toxumalarının bağışlanması üçün nəzərdə tutulan müvafiq formanı doldurduqdan sonra könüllü donor siyahısında qeydiyyata alınacaqlar. Hazırda ölkəmizdə sümük iliyi donor bankının yaradılması üçün müəyyən işlər aparılır”.
Bunu Bugun.tv-yə açıqlamasında Orqan Donorluğu və Transplantasiyası Üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini Azər Dəmirov bildirib.
Əldə etdiyimiz məlumata əsasən, reanimasiya şöbələrində beyin ölümü diqnozu qoyulan xəstələrin orqanlarının bağışlanması yaxın qohumların razılığı ilə həyata keçiriləcək. Bu da əsaslı orqan bankının yaradılması üçün zəmin yaradır.
Millət vəkili Müşfiq Məmmədli deyir ki, artıq ilk addımlar və müvafiq prossesi həyata keçirən orqan yaradılıb. Bundan sonra isə artıq mərhələlər üzrə addımlar atılmalıdır. “Sadəcə orqan və toxumalar bankının yaradılması bu prossesin kiçik bir hissəsidir. Kadr potensialının bu işə cəlb olunması çox mühümdür. Burada çətinlik yaradan məqamlar var. Çətinlik odur ki, orqan və toxuma bankının yaratmaq ayrı, orada orqan və toxumanı təchiz etmək başqa məsələdir. Çünki beyin ölümü keçirən vətəndaşın yaxının icazələri olmalıdır, toxumalar götürülüb o bankda saxlanılmalıdır. Burada həm TƏBİB-in tabeleyində, həm də Səhiyyə nazirliyinin tabeliyindəki müəssisələr vardır.
Müşfiq Məmmədli onu da qeyd etdi ki, orqan transplantasiyası ilə bağlı əhali arasında yayılan yalnış fikirlərin qarşısı alınmalı, insanlar arasında maarifləndirmə və təbliğat işləri aparılmalıdır.