17 C
Baku
14 Oktyabr 2025, 9:02
Baş xəbərMədəniyyət

“Ortaq miras sadəcə keçmişin izi deyil”

“Biz bu mirası həm qorumaq, həm də gələcək nəsillərə ötürmək üçün məsuliyyət daşıyırıq”

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasını davam etdirir.

1 may 30 sentyabr tarixləri arasında reallaşdırılan layihə müasir dövrdə Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində atılan addımlara dəstək xarakteri daşıyır. Biz, ortaq dəyərlərimizi, ortaq mirasımızı bilmədən etibarlı ortaq gələcək qura bilmərik. Prezident İlham Əliyevin bəyan etdiyi kimi bizim ailəmiz Türk dünyasıdır. Ailəmizin etibarlı təməllər üzərində qurulması həm də ortaq tarixi keçmişimizə sahib çıxmaqdan keçir. Layihənin məqsədi Türk dünyasında bu istiqamətdə atılan addımları, ortaq mirasımızla bağlı tarixi faktları türk dünyasına, o cümlədən uşaq, yeniyetmə və gənclərə çatdırmaqdır. Layihə çərçivəsində bir sıra işlərin görülməsi, həmçinin, mövzu ilə bağlı Türkiyə, Azərbaycan və digər türk dövlətlərindən olan mütəxəssislərin fikirləri əsasında 12 məqalənin hazırlanması nəzərdə tutulub. Müxtəlif sahələri əhatə edəcək həmin 12 məqalənin on birincisi oxuculara təqdim edilir.

Bu məqalədə türk dünyasının ortaq dəyərlərinin qorunub, gələcəyə aparılması üçün hansı addımların atılmalı olduğuna aydınlıq gətirməyə çalışacayıq.

Mövzu üzrə ilk həmsöhbətimiz Azərbaycan Respublikası Milli Məclsinin üzvü, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərovdur.

Məlumat üçün bildirək ki, Vüqar İskəndərov CASCFEN-in layihə çərçivəsində ŞKTC-də keçirdiyi “Bizim ailəmiz türk dünyasıdır” adlı konfransın əsas məruzəçilərindən biri olub.

Bildirildi ki, vacib məsələlərədn biri də ortaq mirasın qorunması üçün beynəlxalq səviyyədə birgə səylərin gücləndirilməsidir: “UNESCO səviyyəsində ortaq irsimizin tanıdılması və qorunması üçün türk dövlətləri birgə layihələr təqdim etməlidir. Maddi və qeyri-maddi irsin siyahıya alınması üçün ortaq mərkəzlər qurulmalıdır. Təbii ki, bu məsələdə Türk Dövlətləri Təşkilatının (TDT) üzərinə də mühüm vəzifələr düşür. Yəni TDT-nin mədəniyyət və irs sahəsindəki layihələri daha da gücləndirilməli, üzv dövlətlərin mədəniyyət nazirlikləri arasında daimi əlaqələr, koordinasiya mexanizmləri qurulmalıdır”.

Vüqar İskəndərov həmçinin bildirdi ki, türk xalqlarının tarixi, dili və mədəniyyətinə dair birgə elmi araşdırmalar, simpoziumlar və nəşrlər təşviq olunmalıdır.

“Nəticə olaraq, onu deyim ki, ortaq miras sadəcə keçmişin izi deyil, gələcək birliyimizin də bünövrəsidir. Əgər bu mirası qorumaq istəyiriksə, sadəcə sözlə deyil, əməli layihələrlə, birgə səylərlə, təhsil, mədəniyyət və elm platformalarında əməkdaşlıqla hərəkət etməliyik. Çünki ortaq köklərini unudan millətlərin gələcəyi olmaz. Biz bu gün ortaq mirasımızı qoruya biləriksə, sabah ortaq gələcəyimizi inşa edə bilərik. Bununla da həmçinin Ailəmizin bünövrəsini möhkəmləndiririk. Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi Bizim ailəmiz Türk dünyasıdır” deyə V.İskəndərov sonda əlavə edib.

Vüqar İskəndərov: Bu zəngin irs yalnız keçmişin mirası deyil, gələcəyin də təminatıdır

Beləliklə, “Türk dünyasının ortaq mirasını qorumaq üçün nə etməliyik” sualına cavab verən deputat öncə “mən ilk növbədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlıq etmək istəyirəm. Agentlik cənab Prezident İlham Əliyevin türk dünyası ilə bağlı siyasətinə dəstək olaraq lazımlı və tarixi işlər görür” deyib.

Millət vəkili eyni zamanda “CASCFEN-nin dəvəti ilə layihə çərçivəsində ŞKTC-də keçirilən “Bizim ailəmiz türk dünyasıdır” adlı konfransda iştirak və çıxış etdim. ŞKTC Prezident Sarayında qardaş ölkənin Prezidenti Ersin Tatarın və digər rəsmi şəxslərin iştirakı ilə məhsuldar bir konfrans keçirildi. Bir daha əmin oldum ki, CASCFEN bu sahədə öz sözünü deməkdə davam edəcək” deyə bildirib.

Konkret suala gəlincə, V.İskəndərov deyib ki, bu, yalnız mədəni deyil, həm də siyasi, strateji və mənəvi məsuliyyət tələb edən bir məsələdir. Çünki Türk dünyası – Altay dağlarından Anadoluya, Qafqazdan Balkanlara, Sibir düzənliyindən Orta Asiyanın geniş bozkırlarına qədər uzanan böyük bir mədəni-sivilizasiya coğrafiyasıdır. Bu coğrafiya əsrlər boyu ortaq dil, ortaq inanc sistemləri, həyat tərzi, incəsənət və ədəbiyyat nümunələri ilə formalaşmış bir ortaq mədəni yaddaşı yaşatmaqdadır: “Lakin bu zəngin irs yalnız keçmişin mirası deyil, gələcəyin də təminatıdır. Biz bu mirası həm qorumaq, həm də gələcək nəsillərə ötürmək üçün məsuliyyət daşıyırıq”.

İlk addım təhsil sahəsində inteqrasiyanın gücləndirilməsi olmalıdır

Millət vəkili qeyd edib ki, bu istiqamətdə atılmalı olan addımlar bir neçə istiqaməti əhatə etməlidir: “İlk addım təhsil sahəsində inteqrasiyanın gücləndirilməsi olmalıdır. Ortaq tarix, ədəbiyyat və mədəniyyət dərsləri bütün türk dövlətlərinin təhsil proqramına daxil edilməlidir. Eyni zamanda, türk dünyası üzrə ortaq terminologiyanın formalaşdırılması zəruridir. Yəni, əlifba birliyi istiqamətində atılan addımlar, xüsusilə latın qrafikasının ortaq istifadə forması dəstəklənməlidir”.

Millət vəkili müsahibəsində həmçinin əlavə etdi ki, ortaq mədəniyyət layihələri həyata keçirilməlidir: “Filmlər, teatr əsərləri, festivallar və sərgilər vasitəsilə Türk dünyasının ortaq mədəniyyəti daha geniş kütlələrə çatdırılmalıdır. Xüsusən gənc nəslin marağını cəlb etmək üçün rəqəmsal platformalarda ortaq məzmunlar istehsal olunmalıdır”.

Birgə səylər gücləndirilməli, elm və tədqiqat işlərinə dəstək artırılmalıdır.

Mənbə: Sia.az

Aynur Camal

Oxşar xəbərlər

Çempionlar turunun “Airthings Masters” mərhələsi başa çatıb

Aynur Camal

Mayın 11-də gözlənilən hava şəraiti

Aynur Camal

Hərbi mikroavtobus aşdı: 10 nəfər yaralandı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu