Pakistanın Bəlucistan əyalətində otelin qarşısında oturan insanlara əl qumbarasının atılması nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
Bəlucistan əyalətinin mərkəzi Kvettada separatçı Bəlucistan Azadlıq Ordusu (BLA) otelin önünə qumbaraatan hücumu həyata keçirib.
Polis hücumda 1 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını açıqlayıb. Səhiyyə rəsmiləri yaralıların müalicə altına alındığını bildiriblər.
Qumbara atma aksiyası xalqın ölkənin müstəqilliyinin ildönümünü qeyd etdiyi günlərdə Kvettada həyata keçirilən üçüncü hücumdur.
2000-ci ildə qurulan BLA, Bəlucistan əyalətinin Pakistandan ayrılmasını və bu bölgəni Bəluc xalqının idarə etməsini istəyir. Bu səbəbdən BLA Pakistan təhlükəsizlik qüvvələrini, hüquq-mühafizə orqanları əməkdaşlarını və mülki şəxsləri hədəf alan hücumlar həyata keçirir.
Pakistanın ən böyük əyaləti olan Bəlucistan ölkədə yoxsulluğun ən yüksək olduğu bölgədir. Əyalət həm də onilliklər ərzində İslamabad administrasiyası ilə mübarizə aparan separatçı hərəkatların mərkəzidir.
Üsyançılar iddia edirlər ki, bölgə əhalisi Bəlucistanın zəngin yeraltı sərvətlərindən ədalətli şəkildə faydalana bilməz.
Mənbə: Haber Global