10 C
Baku
12 Dekabr 2024, 16:49
Baş xəbərSiyasət

“Paşinyan iqtidarı yeni təklifdən narahat olur”

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev cari ayda Münhendə jurnalistlərə verdiyi müsahibədə Laçın yolu ilə bağlı Ermənistana ünvanlanan təklifi açıqlayıb.

“Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürdüm. Ermənistan tərəfindən cavab gözləyəcəyik”, – deyə Dövlət başçısı bildirib.

Ermənistan tərəfindən gələn açıqlamalarda isə rəsmi İrəvanın təkliflə razılaşmadığı aydın görünüb. Bu barədə politoloq Tural İsmayılov şərh edərək bildirib ki, Paşinyan iqtidarı Azərbaycanın təklifindən ona görə narahat olur ki, Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsi qurularsa, Qarabağa qanunsuz daşımaların qarşısı alınacaq: “Bilirik ki, Laçın yolu vasitəsilə təkcə qanunsuz yüklər daşınmayıb, eyni zamanda bir çox üçüncü ölkə vətəndaşları Qarabağa gəliblər. Eyni zamanda 44 günlük müharibədəki qələbədən sonra da Ermənistan istehsalı olan minalar kütləvi şəkildə Xankəndinə daşınıb. Məhz bu səbəbdən, Paşinyan iqtidarı Azərbaycanın nəzarət-buraxılış məntəqəsi yaratmaq ehtimalına ciddi müqavimət göstərir. İrəvan bu prosesə zərbə vurmaq üçün beynəlxalq arenada da şou yaratmağa çalışır”. Politoloqun sözlərinə görə, Laçında nəzarət məntəqəsinin yaradılması təklifi Ermənistanın Zəngəzur dəhlizinin reallaşması məsələsindəki ikiüzlülüyünü də ifşa etdi: “Təsəvvür edin, Ermənistan tərəfi Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazisində nəzarət-keçid məntəqəsi yaratmasını özü üçün təhdid hesab edir. Amma Zəngəzurda hər hansı formada özlərinin nəzarətində olan post yaratmaq istəyirlər. Olmayacağı təqdirdə isə İranla əlbir olub, Zəngəzur dəhlizi ideyasının reallaşmasına mane olmağa çalışırlar. Amma Azərbaycan qalib tərəfdir və ərazimizdə nəzarət postu quraşdırmaq ölkəmizin suveren hüququdur. Bu təkcə Azərbaycanın haqq məsələsi deyil, eyni zamanda etnik separatçılıqla məşğul olan terrorçulara maddi-texniki təminatın qarşısını almaq üçün də vacib əhəmiyyətə malikdir”.

Aynur Camal

Oxşar xəbərlər

850 kiloqram heroin müsadirə edildi

Bugün TV

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Aynur Camal

Bolqarıstanda yerli seçkilərin ikinci turu keçirildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu